
Bakının Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddia olunur.
İddialara görə, müəllim dərs zamanı şagirdləri dəyənəklə döyür, onlara psixoloji təzyiq göstərir.
“Dərsi başa düşmədim, o da saçımı yoldu. Axırda başa düşəndə saçımı buraxdı” , – deyə məktəbli bildirib.
Məsələ ilə bağlı açıqlama verən Mehman Qurbanlı bu iddiaları təkzib edib:
“Müəllimlər mənə şikayət edirdilər ki, uşaqlar dərslərdə özlərini yaxşı aparmırlar. Mən də onları tərbiyələndirmişəm. Əgər uşaq dərsdə özünü yaxşı apara bilmirsə, sinif rəhbəri müəyyən tədbirlər görməlidir”, – deyə o qeyd edib.
316 nömrəli tam orta məktəbdən bildirilib ki, riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə irad bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb. Məlum olub ki, müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər pedaqoqları da narahat edir.
Araşdırma nəticəsində müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, lakin digər şagirdlərin təhsil hüququnun pozulduğu, tədris prosesinə maneçilik törədildiyi və dərsə məsuliyyətsiz yanaşıldığı hallarda müəllimin tənbeh tədbirlərinə əl atdığı müəyyən edilib. Həmin şagirdlərin valideynləri ilə məktəbdə görüş keçiriləcək.
Məktəb rəhbərliyi sözügedən sinfə nəzarətin artırılacağını bildirib. Eyni zamanda, məktəb psixoloqunun şagirdlərlə bağlı dəstəkləyici tədbirlər həyata keçirməsi qərara alınıb.
Ətraflı Baku TV-nin süjetində:
***13:59
Bakı şəhəri, Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllim Mehman Qurbanlının şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyi iddiaları ilə bağlı araşdırma aparılır.
Globalinfo.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, Suraxanı rayonu ərazisində yerləşən məktəblərin birində müəllimin şagirdlərə qarşı fiziki zorakılıq göstərməsi ilə bağlı polisə məlumat daxil olub.
Bildirilib ki, hazırda bununla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.