y4QUJJCZoKCPR6z2lz9LxzZmFbeYOqsjiWinqaED 1200

“Suraxanı rayonu Bakı şəhərinin inkişaf edən rayonlarından biridir. Lakin rayonun bəzi yaşayış məntəqələrində hələ də həllini gözləyən ciddi infrastruktur problemləri mövcuddur”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Hövsan və Yeni Suraxanı qəsəbələrində mövcud su xətlərinin yenilənməsinə, köhnəlmiş boruların dəyişdirilməsinə, mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinin qurulmasına ehtiyac var:

“Bu, təkcə kommunal xidmət məsələsi deyil, həm də insanların sağlamlığı və sanitar-gigiyenik şəraiti ilə birbaşa bağlıdır. Qəsəbədaxili yolların təmiri və küçələrin işıqlandırılması da sakinlərin ən çox müraciət etdiyi məsələlərdəndir.

Hövsan kanalının mövcud vəziyyəti ciddi narahatlıq doğurur. Kanalın açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir. Məişət və texniki suların Xəzər dənizinə axıdılması isə ekoloji problemlərə səbəb olur. Kanalın yenidən qurulması və müasir təmizləyici qurğuların inşası məsələsinə xüsusi diqqət yetirilməsi vacibdir.

Hövsan qəsəbəsində yerləşən 118 saylı və Yeni Suraxanı qəsəbəsindəki 316 saylı tam orta məktəblərdə şagird sıxlığı müşahidə olunur. Bu problemin aradan qaldırılması üçün əlavə tədris korpuslarının tikilməsi məqsədəuyğun olardı.

Hövsan qəsəbəsində poliklinikalar və sağlamlıq mərkəzi fəaliyyət göstərsə də, əhalinin sayının artması nəzərə alınaraq geniş profilli stasionar tibbi xidmət göstərən xəstəxananın inşası imkanlarına da baxılmasını təklif edirəm.

Əvvəlki dövlət proqramlarında nəzərdə tutulmuş, lakin icrası tamamlanmamış bir sıra layihələr də yenidən nəzərdən keçirilməlidir. Bunlara Hövsanda yeni məktəb və uşaq bağçalarının tikintisi, 203 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulması, eləcə də Yeni Suraxanıda yeni uşaq bağçasının inşası daxildir. Həmin layihələrin icrası üçün müvafiq maliyyələşmə mexanizmlərinin müəyyənləşdirilməsi vacibdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış 1376 hektardan artıq ərazidə məktəb, uşaq bağçası, poliklinika, kitabxana, mədəniyyət evi, poçt və digər zəruri xidmət obyektləri yoxdur. Həmin ərazinin gələcək inkişafı üçün kompleks infrastruktur planının hazırlanmasını məqsədəuyğun hesab edirəm.

İş axtaran, lakin peşə bacarıqları olmadığı üçün iş tapa bilməyən gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə rayonda müasir texniki peşə təhsili mərkəzinin yaradılmasına da böyük ehtiyac var.

Təklif edirəm ki, Hövsan və Yeni Suraxanı qəsəbələri üzrə qeyd olunan problemlərin həlli 2027-ci ilin müvafiq investisiya və infrastruktur proqramlarında nəzərə alınsın”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: