İqtisadçı, Real Partiyasının sədri Natiq Cəfərli Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi müzakirələrinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, N.Cəfərli bu müzakirələrdə deputat Zahid Orucun çıxışını münasibət bildirib:
“Diqqətimi hörmətli Zahid Orucun çıxışı cəlb etdi. Sitat: “Bu gün Qazaxıstanda xarici və birgə mülkiyyət əsasında işləyən müəssisələrin sayı 65,5 mini keçib. Özbəkistanda da xarici kapitalın iştirakı ilə fəaliyyət göstərən müəssisələrin sayı 22 mini aşıb. Daşkənddə sənaye sahəsində 4 mindən, informasiya-kommunikasiya texnologiyaları sektorunda isə 1 800-dən artıq xarici kapitallı müəssisə fəaliyyət göstərir. ABŞ-nin “J.P. Morgan”, “Citibank”, Almaniyanın “Commerzbank” kimi nüfuzlu maliyyə qurumlarının da Daşkənddə nümayəndəlikləri var”.
Bu sözlərin ardınca Zahid müəllim deyir: “Təklif edirik ki, dünyanın 100 ən iri korporasiyasının Azərbaycanda daimi təmsil olunmasını təmin etmək məqsədilə hökumət xüsusi fəaliyyət proqramı işləyib hazırlasın”.
Hörmətli Zahid müəllim və hökuməti dəstəkləyən deputatlar, dəyərli hökumət üzvləri, siz niyə elə bilirsiniz ki, dünyanı idarə edən korporasiyalar, böyük şirkətlər və banklar kar-kordurlar, nədən elə düşünürsünüz ki, onlar, məsələn, Qazaxıstanı və Özbəkistanı görürlər, öyrənirlər, amma, Azərbaycanı görmürlər, bizim ölkə haqqında eşitməyiblər deyə, bura gəlmirlər?!
Zahid müəllim, Siz düşünürsünüz ki, 100 ən iri şirkət qapımızda gözləyir, bir tək çatışmayan məsələ hökumətin fəaliyyət proqramının olmamağıdır?!
Hökumətin və bəzi deputatların iqtisadiyyat haqqında düşüncələri çox bəsitdir, elə bilirlər ki, iri şirkətlər, investorlar hökumətlərdən proqram gözləyirlər, ölkələri öyrənmirlər, bilmirlər. İri şirkətlərin araşdırma departamentləri, “research center”-ləri hökumətlərin mərkəzlərindən daha peşəkar işləyirlər.
Zahid müəllim isə elə bilir ki, investorlara toya çağıran kimi dəvət göndərsən, onlar da gəlib “pul yazılıb”, gedəcəklər. Azərbaycanın idarəetmə fəlsəfəsi, vergi-gömrük sistemi dəyişməsə, ən əsası, ədalətli və tez çalışan məhkəmə sistemi qurulmasa, investor gəlmir-gəlmək istəmir. Qazaxıstanda investorlar üçün ayrıca, ingilis dilində iqtisad məhkəmələri tətbiq edilib, Özbəkistanda isə biznesin işinə kənar müdaxilələrə görə çox böyük cəzalar nəzərdə tutulub…