“Prezidentimizə qarşı qısqanclıqların, səsləndirilən fikirlərin arxasında onun dünyada sürətlə tanınması, nüfuzunun artması dayanır. O, Avropa liderlərindən biri kimi hər gün böyük hörmətlə qarşılanır, müxtəlif dövlət başçıları ondan müəyyən məsələlərlə bağlı xahişlər edir, məsləhətlər alırlar. Avropa dövlətlərinin başçıları da Azərbaycan Prezidenti İlham Əliyevlə müəyyən məsələləri müzakirə etmək istədiklərini bildirirlər. Bütün bunlar dövlətimizin və liderimizin artan nüfuzunun göstəricisidir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Səyyad Aran deyib.
O qeyd edib ki, 2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat, xərclərinin isə 42,4 milyard manat olacağı proqnozlaşdırılır:
“Büdcə gəlirlərinin 60,6 faizinin neft–qaz sektorunun hesabına formalaşacağı gözlənilir. Bizə deyirlər ki, neft-qaz hesabına yaşayırıq. Gələn ilin sosialyönümlü xərcləri 18,7 milyard manat, müdafiə və milli təhlükəsizlik xərcləri isə 8,8 milyard manat olacaq. Bu da olduqca müsbət göstəricidir.
Bundan əlavə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 89 milyard dollara çatacağı proqnozlaşdırılır. Bütün bu göstəricilər Azərbaycan dövlətinin siyasi və iqtisadi baxımdan getdikcə daha da qüdrətləndiyini, xalqımızın rifahının yüksəlməsi üçün geniş imkanların yarandığını göstərir”.
Deputat həmçinin seçicilərdən də danışıb:
“Seçicilərlə mütəmadi görüşürük, onlar müxtəlif problemlərlə bağlı müraciətlər edirlər. Həmin müraciətlərin hamısını bir siyahıya sığdırmaq mümkün deyil. Camaat büdcə layihəsini böyük maraqla gözləyir. Çünki maaşların, o cümlədən müəllimlərin əməkhaqlarının artacağı, sosial sahədə inkişafın davam edəcəyi ilə bağlı gözləntilər var. Biz də burada bu məsələləri müzakirə etməli, seçicilərin gözləntilərini səsləndirməliyik”.
Safura Bənnayeva
Globalinfo.az