HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda İsrail tərəfindən öldürüldüyünə dair iddialar getdikcə güclənir.
Rəsmi Təl-Əviv sui-qəsddə əlinin olmadığını desə də, bu, ötən il 7 oktyabr tarixində HƏMAS-ın həyata keçirdiyi qəfil hücuma cavab kimi dəyərləndirilir.
İsrail sözügedən qruplaşmanın qəfil hücumu nəticəsində itirdiyi nüfuzunu Haniyəni öldürməklə geri qazana bildimi?
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli ötənilki qəfil hücumun Təl-Əvivin nüfuzunu zədələdiyinə dair fikirlərin yanlış olduğunu deyib:
“Bu hadisədən sonra İsrailin Qəzzaya hücumu, əldə etdiyi qələbələr onu deməyə əsas verir ki, Təl-Əviv daha çox prosesdə qazanclı olan tərəfdir. İsrail HƏMAS-ın təsir imkanlarını böyük ölçüdə azalda bilib. Bundan başqa, Qərb koalisiyasının da dəstəyini qazanıb.
Əziz Əlibəyli
Bu gün İsrail Hizbullahla müharibəyə hazırlaşır. Yəni HƏMAS-la müharibə həm də Təl-Əvivə bu qruplaşmaya yönəlmə imkanı tanıdı. İsmayıl Haniyənin öldürülməsi İran daxilində problemlərin olacağına dair açıq mesajdır. Prezident Məsud Pezeşkian hər nə qədər islahatçı olsa da, onun hakimiyyəti dövründə İranda radikalların gücü daha da artacaq. Bu isə İsrailin Tehran qarışıqlıq yaratması üçün mühüm fürsətdir”.
“İsrail bütün hallarda qazanclıdır. Hizbullahla mübarizədə də qələbəyə nail olmaq ölkənin regional təhlükəsizliyi üçün mühüm imkan yaradacaq. Hər iki proksinin məğlub olması isə İrana ciddi zərbə vuracaq”, – Ə.Əlibəyli bildirib.
Turan Rzayev
Globalinfo.az