Güclü külək bu rayonlara da ziyan vurdu – VİDEO

Axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində bəzi rayonlarda elektrik təsərrüfatına ziyan vurub.

Bu barədə Globalinfo.az “Report”a istinadən xəbər verir.

Məlumata görə, Gədəbəy rayonunda və Şəmkirin bir neçə dağlıq kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, xətlər sıradan çıxıb. Bir neçə evin dam örtüyü dağılıb.

Qeyd edək ki, elektrik enerjisinin verilməsində yaranmış problemin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər aparılır.

***

Biləsuvar rayonunda güclü külək bir sıra fəsadlara yol açıb.

Rayon sakinlərinin sözlərinə görə, güclü külək Biləsuvar şəhərinin elektrik təsərrüfatına ziyan vurub, şəhərin bəzi əraziləri işıqsız qalıb.

Cəlilabad rayonunda da külək fəsadlar yaradıb. Belə ki, bir neçə dağlıq kənd işıqsız qalıb. Həmçinin güclü külək qurumuş ağacları aşırıb.

Hazırda elektrik enerjisinin verilməsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

***

Oğuz rayonunda güclü külək kəndləri elektrik enerjisiz qoyub.

Axşam saatlarında rayonda əsən şiddətli külək irigövdəli ağacı kökündən qopararaq elektrik naqillərinin üzərinə aşırıb. Nəticədə bir neçə kəndi elektrik enerjisi ilə təmin edən naqillər qırılıb.

Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayon ərazisindən keçən hissəsində irigövdəli ağacın elektrik naqillərini qırması nəticəsində Oğuz şəhərinin bir hissəsi, Calut-1, Calut-2, Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Malıx yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib. Elektrik enerjisinin kəsilməsi nəticəsində ümumilikdə 5 min nəfər işıqsız qalıb.

Aşan ağacın kəsilərək ərazidən təmizlənməsi və yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin olunması istiqamətində işlər aparılır.

Hazırda Oğuz rayonunda güclü külək əsməkdə davam edir.