Gömrük Komitəsinin sədri rüşvətsiz və korrupsiyasız işləyə biləcək? – Deputatın proqnozu

Dövlət Gömrük Komitəsinə (DGK) yeni sədr təyin edilib. Fevralın 14-də Prezident İlham Əliyev Sərəncam ilə Şahin Soltan oğlu Bağırov DGK sədri vəzifəsinə təsdiqlənib. Buna qədər o, Komitə sədrinin 1-ci müavini postunu tuturdu. Bu təyinat gömrük sahəsinin şəffaflaşdırılması, burada yeni islahatların aparılmasına ümid yaradır. Azərbaycanda korrupsiyasız gömrük sistemini qurmaq mümkün olacaqmı?

Milli Məclisin deputatı Razi Nurullayev Globalinfo.az-a açıqlamasında bildirib ki, bu proses çətin olsa da, qarşıya qoyulan vəzifə, tapşırıq gömrük sisteminin tam şəffaflaşdırılmasıdır:

“Yeni sədr bununla bağlı xeyli addımlar atıb. Gömrük sisteminin  şəffaflaşdırılması üçün həmişə müəyyən işlər görülüb, bəzisi effektiv olub, bəzisi effektsiz, ümumilikdə demək olmaz ki, orda islahatlar getmir. Amma indi tapşırıqlar fərqli yöndədir və inanıram ki, daha fərqli yanaşmalar olacaq. Bu çətin prosesdir, çünki xeyli məsələlər kökündən dəyişməlidir. Fərqli yanaşmaların olması üçün də ölkədəki bəzi reallıqlar və bəzi sistemlər var ki, onu tam həyata keçirməyə imkan vermir. Gömrük sistemini bir günün içində dəyişmək mümkün deyil, amma mərhələlərlə düzələ bilər. Əgər düzəlməsə, vəziyyət daha da pisləşəcək”.

Deputat Razi Nurullayev

R.Nurullayev qeyd edib ki, zaman-zaman ona gömrük sistemindən xeyli narazılıqlar daxil olur:

“Amma bildiyim qədər, orda müsbətə doğru dəyişiklik gedir. Əvvəl də xeyli islahatlar keçirilmişdi. Məsələn, Azərbaycanda elə şirkətlər var ki, orada yaşıl koridoru alıb və yoxlamadan keçmədən malını aparıb-gətirir. Yəni daha böyük ixracatçılar üçün tam şəffaf sistem qurulub. İndi də müəyyən işlər aparılır və müsbət nəticələr var. İnanmaq istəyirəm ki, hər şey düzələcək, orda ciddi problem olmayacaq. Gömrük sistemində problem ondan qaynaqlanır ki, yaradılan sistemdə gərək sahibkar da udsun. Bəzən sahibkarlar arasında da qanuni yolla getmək istəməyənlər olur. Gömrük sistemində əliəyri insanlar var ki, müəyyən razılaşmalara gedib daha çox qazanmaq istəyir, şəbəkə yaradır və sistemi korlayırlar”.

Deputat açıqlaması zamanı ən çox edilən şikayətlə bağlı Gömrük Komitəsinin rəhbərliyinə müraciət edərək bu məsələni xüsusi diqqətə götürülməsini istəyib:

“Bildiyiniz kimi, Azərbaycanda dərman preparatları Türkiyə ilə müqayisədə 9-12 dəfə, başqa ölkələrlə müqayisədə isə 3-4 dəfə bahadır. Dərmanlar hava limanına gətirilən zaman onları yoxlamaya məruz qoyurlar, reseptlərə baxmırlar, insanların əlindən dərmanları müsadirə etmək istəyirlər, onları çox incidirlər. Mən bu məsələni Milli Məclisdə ötən büdcə müzakirələri zamanı qaldırmışdım. Orada baş nazir Əli Əsədov qeyd etdi ki, qanunvericilikdə elə bir tələb yoxdur ki, insanların şəxsi istifadəsi üçün gətirdikləri dərmanları hava limanında gömrükçülər yoxlasın və ya müsadirə edib vətəndaşları incitsinlər.

Amma yenə də hava limanında dərmanları müsadirə edirlər, az qalırlar dərmanı gətirənlə əlbəyaxa olsunlar. Mənim ömürlük atdığım dərman varsa, istifadə müddəti 3 ildirsə, alıb gətirə bilərəm. Əgər orda kütləvi dərman preparatı varsa, şübhə doğurursa, bu başqa məsələ, onu nəzarətə götürə bilər ki, kontrabanda ilə məşğul olmasınlar. Amma bir nəfər əlində resepti, xəstədir, bir neçə qutu dərman alıbsa, onu müsadirə etmək nəyə lazımdır?! Bu doğru yanaşma deyil, həm də qanunsuzdur”.

Gülnar Səlimova
Globalinfo.az