Aeroportda saxlanılan 200 minlik mal kimindir? – Yeni detallar və qiymət siyahısı

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus əl yüklərinin yoxlaması zamanı gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən brend geyim əşyaları, “Cartier” markalı qol saatı, zərgərlik məmulatları və digər malların aşkar olunduğu barədə məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, gömrük orqanlarının yaydığı bu xəbərə müxtəlif reaksiyalar verilib. Gömrük Komitəsinin yeni qərarlara əsasən Hava Limanında əşyaları saxlamasının sərt tənqid edənlərə yanaşı, bunun qərarın tələbi olduğunu deyərək, müsbət şərh edənlər də var.

Son görüntülərə müsbət şərh verənlərdən biri də jurnalist, texno-bloger Fərid Pərdəşünas olub. Onun mövzu ilə bağlı paylaşımını təqdim edirik:

“Dünən gömrüyün saxladığı məhsullarının dəyərinin 100.000 dollardan çox olduğunu yazmışam, durub məni qınayanlar var ki, gömrüyü müdafiə edirsən. İndi yenidən hesabladım, dəyər 200,000 dollardan çox imiş.

Gömrük mənim ölkəyə gətirdiyim 70 dollarlıq işığı saxlayıb, rüsum alırsa, 200,000 dollarlıq məhsul keçirəni niyə saxlamasın? Yoxsa içində tuman varsa, gömrüyə düşmür? Əgər belədirsə, biz də işığı tumana bükək gətirək.

Gömrük barəsində heç vaxt pozitiv paylaşımım olmayıb. Məni çoxdan izləyənlər bilir ki, sifariş elədiyim 2 işığa görə başıma oyun gəlmişdi və 8 saat vaxtımı, sonra da rüsumları almışdılar. Bunu işıqlandırıb, qanun dəyişikliyi təklif eləmişəm ki, şəxsi istifadə və kommersial istifadə anlayışları qanunda qətiləşməlidir. Gömrük məmuru kefinə və iradəsinə görə məhsulun şəxsi, yoxsa kommersial olduğunu təyin etməli deyil.

Əlavə olaraq, bir neçə ay bundan əvvəl aldığımız beynəlxalq mükafat da gömrük rüsumuna cəlb edildi. Bu barədə də məsələni paylaşdım ki, qanun yenə də təkmilləşməlidir. Hüquqi şəxslərə gələn hər şeyi bəyan etmək doğru deyil, daha rahat, daha asan olmalıdır. Mükafat alan ilə ölkəyə gəmi ilə mal keçirən eyni qədər vaxt itirməli deyil.
Amma indi gömrük qanuni olanı edib və bunun doğru olduğunu deyəndə, oluram pis adam? Ki, o formada paylaşmasını doğru hesab etmirəm. Əgər prosesin doğru olmadığını düşünürsənsə ya qanundan xəbərsizsən, ya da qurumun işindən. Ağa ağ, qaraya qara demək lazımdır. Bu gün hüquqi, qanunların işlədiyi bir mühit istəyiriksə, özümüz qanunlara əməl edib, hüququn aliliyin əsas tutmalıyıq.

Əgər gömrük paylaşsaydı ki, gömrükdən 200.000 dollar dəyərində mal keçirmək istəyən deputatın əşyaları müsadirə edilib, bu zaman tamamilə fərqli reaksiya alardıq. Çünki insanlar şəxsləri və qurumları dəyərləndirə bilir. Hələ bu məhsulların saxta olduğunu iddia edənləri heç başa düşmürəm, məhsulu gətirən adam CIP zalından gəlir. Bu adamlar da yəqin CIP zalının yerini və adını bilməyənlərdir. Bilməyənlər üçün deyim ki, bu zal xüsusi kommerial vacib insanların olduğu zaldır.

Gömrüyün imici hazırda qənaətbəxş deyil. Xüsusən orada keçirilən əməliyyatlar, korrupsiya halları bu quruma inamı azaldıb. Amma bu o demək deyil ki, gömrüyü açıb buraxmaq, ləğv eləmək lazımdır. Qanun qanundur, alidir və hamı üçün keçərli olmalıdır”.

***

İqtisadçı alim Vüsalə Əhmədova Gömrük Komitəsinin yaydığı görüntülərdə yer alan məhsulların təqribi qiymətlərinin siyahısını paylaşaraq “Əl baqajı deyib keçməyin, tam bir sərvət” sözlərini qeyd edib.

Gobalinfo.az həmin siyahını təqdim edir:

“2 ədəd “Hermes Birkin” çanta hər biri – 23.000 $

“Hermes” servis dəsti – 91.480 tl

9 ədəd “Hermes” tərlik hər biri – 13.500 tl

2 ədəd “Hermes” çanta hər biri- 4.000 $

“Dior” sandalet – 1.690 $

“Hermes” kosmetika çantası – 1.773 $

“Balenciaga” sport ayaqqabı – 650 $

“Saint Laurent” çanta – 2.900 $

“Hermes” kardiqan – 4.238 $

“Miu” ətək – 26.950 tl

“Gucci” sport ayaqqabı – 750 €

“Cartier” saat – 207.000 tl

“Hermes” kole – 2.771 $

“Nike” sport ayaqqabı

“Bvlgari” biləklik

“Christian Dior” tərlik

3 ədəd “Hermes” bel çantası

Hələ müəyyən edə bilmədiyim bir çox şey…”

“Dövlət Gömrük Komitəsi qeyd edir ki, hər təqvim ayı ərzində bir dəfə, ümumi dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğində mal gətirilə bilər. Belə çıxır ki, heç bir halda ölkəyə brend mal gətirilməsi mümkün deyil, fotodakı əşyaların ən ucuzunun dəyəri 1000 ABŞ dollarını keçir…  Mallar A klass imitasiya da ola bilər…”, – deyə iqtisadçı qeyd edib.
Xəbər Xidməti