Fransa XİN başçısının bəyanatına Prezidentdən möhtəşəm cavab

“Fransa rəsmiləri tərəfindən Azərbaycanın Ermənistana hücum edəcəyi və ya qarşı tərəfə münasibətdə real “təhdidlər” formalaşdırması ilə bağlı absurd iddialar artıq ənənəvi xarakter alıb. Hətta bu iddialar Fransanın drijorluğu ilə Avropanın bir sıra institusional orqanlarında keçirilən müzakirələrin gündəliyinə də daxil edilməyə başlanıb”.

Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, belə əsassız çıxışların bizim üçün hər hansı təsir gücü olmasa da, sərhədləri aşan ittihamlar artdıqca dövlət başçımız kifayət qədər kəskin və qətiyyətli mövqe nümayiş etdirərək özünü “ermənidən çox erməni” kimi təqdim etməyə çalışanlara konkret xəbərdarlıqlar edib:

“Fransanın xarici işlər nazirinin 2 aprel 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə Parisdə keçirilmiş görüşü zamanı səsləndirdiyi qərəzli və əsassız ittihamlar da məhz belə sərhədləri aşan və hədsiz ittihamlardır. Məhz ona görə də, Prezident İlham Əliyev Entoni Blinkenlə telefon danışığı zamanı bu məsələyə xüsusi münasibət bildirərək fransız nazirin yalanlarını ifşa edərək həqiqəti əks etdirmədiyini aydın şəkildə ifadə etmişdir.

Ermənistanın həyata keçirtdiyi işğalçılıq siyasətinə və bütün müharibə cinayətlərinə baxmayaraq, Azərbaycan hər zaman onun ərazi bütövlüyünə hörmətlə yanaşıb və heç bir halda onun təhlükəsizliyini təhdid edəcək addımlar atmayıb. Tam əksinə olaraq Fransanın xarici işlər naziri bu qərəzli çıxışlarla gündəmi məşğul etdiyi 2 aprel tarixində Ermənistan tərəfi Naxçıvan istiqamətindən mövqelərimizi atəşə tutaraq növbəti təxribat addımını həyata keçirtməyə davam edirdi. Amma nədənsə bu məsələ nə Fransa xarici işlər naziri, nə də onunla eyni ideologiyanın daşıyıcısı olan siyasi dairələri heç narahat etmir”.

Turan Rzayev
Globalinfo.az