Globalinfo.az Ermənistandakı seçkilərin nəticələri ilə bağlı siyasi elmlər və beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmayıl Cingözlə müsahibəni təqdim edir:
– İsmail bəy, Ermənistanda parlament seçkilərinin ilkin nəticələri açıqlandı. Nikol Paşinyanın partiyası səsvermədə böyük üstünlük əldə edib. Hazırki vəziyyətdə nəticələri necə dəyərləndirirsiniz?
– Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasının seçkilərdə qalib gəlməsi Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsinin münaqişə və revanşist siyasətdən daha çox sabitlik, iqtisadi inkişaf və xarici dünyaya açılmaq cəhdinin davam etdiyini göstərir. Lakin seçki nəticələrinin yekununu gözləmək vacibdir. Son məlumata görə, Paşinyanın partiyası səslərin 49, 81%-ni toplayıb və bu, ona təkbaşına hökumət qurmaq imkanı verir. Yaxın günlərdə Mərkəzi Seçki Komissiyası yekun nəticələri açıqlayacaq, parlament yerlərinin bölüşdürülməsi dəqiqləşəcək və yeni hökumətin formalaşdırılması prosesi başlayacaq.
– Seçkiqabağı prosesdə Rusiyanın müdaxilə cəhdləri ilə bağlı iddialar səsləndi. Bundan sonra Kremlin strategiyası necə olacaq?
– Moskvanın nöqteyi-nəzərindən seçkilərin nəticələri o qədər də təəccüblü deyil. Son illərdə Rusiya Paşinyanla ciddi fikir ayrılıqları yaşasa da, Ermənistan üzərindəki təsirini yalnız seçkilərin nəticələrinə əsaslandırmır. Rusiyanın hələ də Ermənistanda iqtisadi, enerji, təhlükəsizlik, media və diaspora sektorlarında əhəmiyyətli təsiri var. Buna görə də, Moskvanın birbaşa müdaxilə əvəzinə uzunmüddətli təzyiq taktikalarından istifadə etməsi ehtimalı daha yüksəkdir. Rusiyanın qısa müddətdə seçkilərin nəticələrini qəbul etməsi və gözləmə mövqeyində olması ehtimal edilir. Lakin Paşinyan Avropa İttifaqı (Aİ) və Qərblə inteqrasiya prosesini sürətləndirərsə, Moskva ilə İrəvan arasında yeni gərginlik yarana bilər.

İsmail Cingöz
– Paşinyan Konstitusiya dəyişikliyini təmin edə biləcəkmi? Azərbaycanla yekun sülh müqaviləsi imzalanacaqmı? Nəhayət, Türkiyə ilə normallaşma baş verəcək və sərhədlər açılacaqmı?
– Seçkilərin ən vacib nəticəsi, əslində budur: Davamlı sülhün əsas maneələrindən biri Ermənistan Konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müddəalardır.
Paşinyan uzun müddətdir ki, Konstitusiya islahatlarına ehtiyac olduğunu dilə gətirir. Lakin Konstitusiya dəyişikliyi təkcə seçkilərdə qələbə qazanmaq deyil, həm də güclü ictimai dəstək və referendum prosesi tələb edir.
Paşinyan siyasi hakimiyyətini qoruyub saxlaya bilsə, Azərbaycanla sülh müqaviləsinin imzalanması ehtimalı əvvəlki dövrdən daha yüksək görünür. Əgər bu, baş verərsə, Türkiyə ilə Ermənistan arasında da normallaşma olacaq. Başqa sözlə, Ankara-İrəvan normallaşması, əsasən Azərbaycan-Ermənistan sülh prosesindən asılıdır. Sülh müqaviləsi imzalanarsa, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, diplomatik münasibətlərin tam qurulması və iqtisadi əlaqələrin inkişaf etdirilməsi ehtimalı əhəmiyyətli dərəcədə artacaq.
– Paşinyanın seçkilərdə qələbəsi Ermənistan və region üçün nə vəd edir?
– Paşinyanın yenidən seçkilərdə qalib gəlməsi Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsinin müharibədən sonrakı yeni reallığı qəbul etməyə başladığını göstərir. Ermənistan üçün bu nəticə iqtisadi inteqrasiya, nəqliyyat dəhlizlərinin açılması, xarici investisiyaların artması və regional təcriddən çıxmaq imkanı demək ola bilər. Azərbaycanın nöqteyi-nəzərindən bu nəticə sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda daha proqnozlaşdırıla bilən təhlükəsizlik mühitinin yaradılması ehtimalını gücləndirir. Türkiyə üçün bu, normallaşma prosesinin davam etdirilməsi, sərhədlərin açılması və regional ticarət şəbəkələrinin genişləndirilməsi mənasına gəlir. Ümumilikdə, Paşinyanın qələbəsi Cənubi Qafqazda yeni müharibə ehtimalını azaldan, iqtisadi inteqrasiya və regional əməkdaşlıq ehtimalını artıran bir hadisə kimi qəbul edilə bilər. Lakin bunun baş verməsi üçün Ermənistanda daxili siyasi müqavimət dəf edilməli, konstitusiya islahatları həyata keçirilməli və Azərbaycanla davamlı sülh müqaviləsi imzalanmalıdır.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul