Fazil Mustafa: İrəvanın TIR həmləsinə Naxçıvanla cavab verməliyik

Azərbaycan bu məsələdə suverenliyini qorumaqla yanaşı erməni faktorunu da nəzərə almalıdır. İndiki mərhələdə ölkəmizin üzərinə olan təzyiqlərin genişlənməsi müəyyən problemlər yaradar. Xüsusi ilə də Qarabağda yaşan ermənilərlə bağlı sərt qərarlar qəbul edilə bilər. Hər halda ölkəmizin indiki dövrdə bu kimi məsələlərdə müəyyən manevrlər etməsi daha faydalı olardı.

Globalinfo.az bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, ilk növbədə Ağdam istiqamətində ermənilərə yardım yükünün bu və ya digər formada təşkil edilməsi ilə bağlı addım atılmalıdır:

“Göstərilməlidir ki, onlar bu yükü qəbul etmək istəmirlər. Azərbaycan öz vətəndaşlar kimi onlara yardım etməyə hazırdır. Amma başqa bir dövlətin yardım gətirməsi ölkəmizin sərhədlərinin pozulması deməkdir. Bu, həmçinin ölkəmizin suverenliyi əleyhinə atılan bir addımdır. Ona görə də, Ermənistanın göndərdiyi yükü qəbul etmirik”.

Partiya sədrinə görə, ölkəmiz hümanitar addım kimi ermənilərə yardım təklif etməlidir:

“Qəbul etməsələr, onların prosesləri məqsədyönlü şəkildə körüklədiyi ortaya çıxacaq. Digər bir tərəfdən diqqət Zəngəzur dəhlizinə yönəldilməlidir. Burada Azərbaycanın maşın kolonları olmalıdır ki, biz də blokada şəraitində olan Naxçıvana yük çatdırmaq istəyirik. Laçın yolu ilə bağlı hansısa bir qərarlar qəbul etməyə çalışanlar həm də alternativ olaraq Naxçıvanla bağlı münasibətlərini bildirsinlər”.

 

Fazil Mustafanın fikrincə, Azərbaycan BMT qarşısında Naxçıvan əhalisinin zəruri qida məhsullarına ehtiyacı məsələsini qaldıra bilər:

“Azərbaycan da Zəngəzur dəhlizi vasitəsi ilə bu yükü Naxçıvana çatdırmaq istəyir. Ona görə də, bu iki addımın paralel atılması daha doğru olar. Bununla Azərbaycan müəyyən təzyiqlərin və yalan informasiyaların, mövqelərin dəyişməsinə nail ola bilər. Bütün hallarda ölkəmiz Qırmızı Xaç Cəmiyyəti vasitəsi ilə müəyyən dərəcədə prosesi sakitləşdirmək üçün manevrlər etməlidir. Bununla yanaşı Qarabağda yaşayan ermənilərlə bağlı öz konsepsiyamızı da irəli sürməliyik”.