“Laçın” postu – biriləri üçün yolun sonu, fəlakətin başlanğıcı: “Bu, intihar deməkdir”

İyunun 15-i Laçın yolunda baş verən təxribatdan sonra yolboyu hərəkət tamamilə dayandırılıb. Nəticədə Qarabağdan erməni əhalisinin Ermənistana gediş-gəlişi, o cümlədən yüklərin daşınması təxirə salınıb.

İrəvan sonuncu təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər yolun açılmayacağı bildirilir. Hazırda Ermənistan ordusunun sərhədboyu döyüş hazırlığı vəziyyətinə gətirməsi ilə bağlı məlumatların yayıldığı bir müddətdə yolun onlar üçün tamamilə bağlandığı iddia edilir.

Bəs Laçın yolu ermənilərin üzünə birdəfəlik bağlanıb? Postun işi nə zaman bərpa edilə bilər? Beynəlxalq ictimaiyyətin bu istiqamətdə Azərbaycana təzyiqi gözləniləndirmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Xəyal Bəşirov bildirib ki, Ermənistandakı revanşist qüvvələr baş verənlər nəticəsində Laçın yolunun bağlanacağını gözləyirlər:

“İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda revanşist qüvvələrlə Azərbaycanla münasibətlərin normallaşmasını istəyən qüvvələr arasında mübarizənin şahidi oluruq. Azərbaycanla sülh sazişinin tərəfdarı olan kifayət qədər qüvvələr var. Həmin qüvvələr müharibədən sonra keçirilən erkən parlament seçkilərində Nikol Paşinyana, əslində iki ölkə arasında sülhə səs vermişdilər. Amma revanşist qüvvələr Azərbaycana qarşı təxribatların törədilməsinə maraqlıdırlar. Onlar sülhün deyil, qisasın tərəfdarıdılar, hər vəchlə Ermənistan hakimiyyətini Azərbaycanla müharibəyə çağırırlar.
Son olaraq Laçın postunda baş verən təxribat məhz bu qüvvələrin istəyini həyata keçirmiş oldu. Onlar ordumuzu da bu təxribata çəkməyə çalışırdılar. Nəticədə Laçın yolunun bağlanacağını təxminən gözləyirdilər. Beləliklə beynəlxalq platformalarda Azərbaycana qarşı səfərbər olub ittihamlar səsləndirməyə davam edəcəklər”.

Şəkilin açıqlaması yoxdur.
Xəyal Bəşirov

Politoloq ermənilərin artıq beynəlxalq səviyyədə Laçın yolu ilə bağlı səfərbər olduqlarını deyib:

“Hesab edirəm ki, bütün bunlar Ermənistanın kənardan idarə olunduğu mənasına gəlir. Əgər Azərbaycanla sülh sazişinin imzalanması, münasibətlərin normallaşmasını istəyirlərsə, bu kimi təxribatlara yol verməməlidirlər. Amma baş verənlər kənar qüvvələrin təsirini danılmaz edir. Biz isə bu təxribata getmədik, ən doğru addımları ataraq həmin ərazilərdə təhlükəsizlik tədbirləri görməyə qərar verdik. Laçın postunun bağlanması ilə əlaqədar hələ ki, tam real informasiyanın olmamasına baxmayaraq Ermənistan tərəfi artıq müxtəlif ittihamlar səsləndirməyə başlayıb. Bu vasitə ilə Azərbaycana qarşı beynəlxalq səviyyədə hər hansı qərarların qəbul olunmasına çalışırlar.

Hesab edirəm ki, bu planları uğursuz olacaq. Çünki biz bu gün Ermənistanın təxribatçı addımlarına cavab olaraq tamamilə fərqli mövqe nümayiş etdiririk. İrəvanla sülhə, danışıqlara, müxtəlif platformalarda həyata keçirilən müzakirələrə hazır olduğumuzu bildiririk”.

“Yenə də Ermənistan tərəfi Azərbaycanla sərhədboyu ərazilərdə ordunun döyüş hazırlığı vəziyyətinə gətirilməsilə bağlı məlumatlar yayır. Bu isə ona hər hansı müsbət töhfə verməyəcək. 30 il ərzində növbəti müharibəyə hazırlaşan Ermənistan ordusu Azərbaycan qarşısında cəmi 44 gün tab gətirə bildi. İkinci Qarabağ müharibəsində kapitulyasiya imzalayaraq məğlub olan Ermənistanın ordusunun aradakı iki il müddətində daha da güclənən Azərbaycan ordusu ilə mübarizəsi ümumiyyətlər absurddur. Ermənistan bu yolu seçməsi intihar deməkdir” deyə, o bildirib.

Qeyd edək ki, iyunun 15-də baş verən təxribatdan sonra Laçın yolu boyunca hərəkət tamamilə dayandırılıb. Azərbaycan ordusunun burada sərhəd-buraxılış məntəqəsində hərbi-zirehli texnika yerləşdirməyə başladığı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az