Əsgərimizin vurulması əmri hardan gəlib? – Gərginlik artır

Son vaxtlar yerli və xarici mediada Azərbaycanla Ermənistan arasında eskalasiya ehtimalı haqda fikirlər səsləndirilir. 

Maraqlıdır, Ermənistan Azərbaycanla müharibəyə gedə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, Azərbaycan və Ermənistan sülhə daha yaxındır:

“Müəyyən əngəllər aradan qalxıb. Buna baxmayaraq hələ də problemlər var. Minalı ərazilərin xəritələrinin verilməməsi, 8 kənd məsələsinin həllini tapmaması və Ermənistan qanunvericiliyinə düzəliş edilməməsi əsas problemlərdəndir. Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana, Türkiyəyə ərazi iddiasının olmadığını bildirir, lakin konstitusiyada bu fikirlər təkzib edilir. Paşinyan ya siyasətçi və baş nazir kimi öz konstitusiyasına hörmət etmir, ya da qeyri-səmimidir. Bu dəyişiklik olmalıdır ki, ərazi iddiası komponenti aradan qaldırılsın”.

Siyasi şərhçinin fikrincə, Ermənistan ayrı-ayrı aktorların təsiri ilə növbəti hərbi gərginlik törədə bilər:

“Rusiya və Qərb Ermənistan üzərində bir-birilərinin oyunlarını pozmaq istəyirlər. Bunun üçün də süni gərginlik yaradırlar. Azərbaycan hərbçisinin snayperlə yaralanması da buna xidmət edirdi. Bu prosesin ardınca Qərb və Rusiya bir-birini ittiham etdi. Ermənistanın bu prosesdə əlinin olmaması istisna deyil. Paşinyan başa düşməlidir ki, başqasının ipi ilə quyuya düşməyin sonu belə olur”.

Safura Bənnayeva
Globalinfo.az