Bakı və İrəvan hansı paytaxtda sülh sazişi imzalayacaq? – Deputatdan maraqlı cavab

Mayın 19-da Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Xatırladaq ki, bundan əvvəl Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olmuşdu.

Qarabağ mövzusunda Qərblə Rusiya arasında bir rəqabətin, yarışın getdiyi açıq görünür. Rusiya Cənubi Qafqazda Avropa İttifaqının, ABŞ-ın fəallaşmasına, təşəbbüsü ələ almalarına dözümsüz yanaşır. Əksər ekspertlər bildirir ki, Qərb sülh sazişinin imzalanmasını istəyir. Hər halda son müşahidələr, proseslər bu arqumenti möhkəmlədir. Rusiya bu məsələdə nə qədər səmimidir, demək çətindir. Moskva sülhün onun vasitəsilə reallaşmasına çalışır. Dominantlığın onda olmasını istəyir. Bu baxımdan XİN başçılarının Moskva görüşünün nəticələri tərəflər üçün olduqca əhəmiyyətlidir.

Bəs sülh sazişinin imzalanmasının aparıcı gücü hansı ünvan olacaq: Vaşinqton, Brüssel, yoxsa Moskva? Bizə hansı paytaxtda imzalanan sülh sazişi sərf edir? Bu, qalıcı sülh olacaqmı? Ermənistanın hərbi aqressiyasnın, separatçılara dəstək verməsinin və təxribatlarının qarşısı birdəfəlik alınacaqmı?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və gözlənilən sülh müqaviləsinin imzalanması istiqamətində proseslərdə dinamika və intensivlik müşahidə olunmaqdadır:

Elman Nəsirov

“Şarl Mişelin verdiyi bəyanata görə, payızda Azərbaycan və Ermənistanın siyasi liderlərinin görüşü planlaşdırılır. Artıq çox ciddi kəmiyyət göstəriciləri var. Əsas məsələ kəmiyyətin keyfiyyət göstəricilərinə çevirilməsidir. Bundan sonra isə nəhayət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması istiqamətində həlledici, fundamental addımlar atılmalıdır. Hələ ki, bəyanatlar və vədlərdir. Amma praktiki tətbiqlə bağlı məsələlər nə Vaşinqtonda, nə Brüsseldə, nə də Moskvada həllini tapmayıb.

Azərbaycan prezidenti cənab İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, ən unikalı Azərbaycanla Ermənistan arasında vasitəçilər olmadan danışıqlar və nəticə əldə etməkdir. Yəni Bakı-İrəvan arasında danışıqlar birbaşa olmalı və sülh müqaviləsi imzalanmalıdır”.

E.Nəsirov deyib ki, Moskva, Brüssel və Vaşinqton bizə bir məsələdə kömək etməlidir, o da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanmasında:

“Heç bir halda Qarabağla bağlı məsələlərdə onların iştirakına ehtiyac yoxdur. Qarabağ Azərbaycandır və bu proses Azərbaycanın daxili işidir. Burada heç kim kənardan müdaxilə etməməlidir. Bilirsiniz niyə ölkə başçısı ikitərəfli danışıqlar zamanı nəticə əldə etmək istəyir? Çünki bir yandan Brüssel və Vaşinqton, digər tərəfdən Moskva-Ukrayna faktiki düşmən vəziyyətindədir. Moskva düşüncəsi ondan ibarətdir ki, Vaşinqton və Brüsseldə keçirilən görüşlər Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədi daşıyır. Amma ortada bu mövqeni təkzib edəcək arqumentlər yoxdur”.

Deputatın sözlərinə görə, nəticə etibarilə Moskvanın Vaşinqton və Brüssellə düşmənçilik münasibətləri qarşılıqlı şəkildə bizim problemlərimizin həllinə mane olur:

“Bütün bunları nəzərə alıb, birbaşa Bakı-İrəvan danışıqları aparmaq ən unikal variantdır. Yetər ki, buna digər qüvvələr mane olmasın. Bizim üçün ilk növbədə sülh müqaviləsinin özü vacibdir. Hamımız yaxşı bilirik ki, Ermənistan tərəfi özünün imzaladığı sənədin icrası ilə bağlı da problemlər yaradır. Ona görə də, Ermənistanın sülh müqaviləsindən sonra təxribat törətməyəcəyini düşünmək yanlış olar. Prezident də dəfələrlə bununla bağlı mövqe bildirib. Açıq deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa belə, heç bir halda arxayın olmamalıyıq. Sülh əldə etsək də, dəmir yumruq yenə də öz yerində olmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az