428226

1996-cı ildə fəaliyyətə başlayan “Şərq” qəzetinin 30 yaşı tamam olur. Qəzetin baş redaktoru Akif Aşırlı Globalinfo.az-a müsahibəsində nəşrin 30 illik fəaliyyətindən, medianın gələcəyindən və jurnalistikanın qarşılaşdığı çağırışlardan danışıb.

Müsahibəni təqdim edirik:

– Akif bəy, demək olar ki, qəzet dövrü bitib. Azərbaycan mətbuatına qəzetçi kimi gəlmisiniz, klassik qəzetçilik ənənələrini təmsil edirsiniz. İndi isə dövr dəyişib, media rəqəmsal platformalara, onlayn mətbuata keçib. Bu dəyişikliklərə uyğunlaşmaq sizin üçün necədir?

– Təbii ki, dövr, zaman dəyişir, ancaq jurnalistikanın prinsipləri heç vaxt dəyişməyəcək. Biz “Şərq” qəzetini 1996-cı ildə yaradanda ölkədə qəzet bumu yaşanırdı. Hər gün yeni qəzetlər nəşrə başlayırdı. Bu qəzetlərin müəyyən inkişaf dövrü oldu. İndi isə onlayn medianın və sosial şəbəkələrin sürətli inkişafını, onların ictimai rəyə təsirini müşahidə edirik. “Şərq”in fəaliyyəti təkcə çap mətbuatı ilə məhdudlaşmır. Düzdür, qəzetçilik getdikcə sıradan çıxır. Ancaq bu prosesin təbii, yoxsa süni olduğunu zaman göstərəcək.

– Akif Aşırlı qəzetçiliyə ciddi ehtiyac olduğunu düşünür…

– Çünki jurnalistlərin yetişmə məkanı əsasən, qəzetlər olub. Statistik araşdırma aparsaq görərik ki, praktiki fəaliyyətini qəzetlərdə qurmuş jurnalistlərin imzaları bu gün daha çox tanınır və oxunur. Onlayn mediada da belə jurnalistlər var, ancaq üstünlük yenə qəzetçilik mərhələsindən keçənlərdədir. Əlbəttə, “Şərq” artıq media qrupu kimi fəaliyyət göstərir. “YouTube” kanalımız, sosial şəbəkələrdə hesablarımız var. Çalışırıq ki, texnoloji proseslərin sürətinə uyğunlaşaq. Bunun necə nəticələnəcəyini isə zaman göstərəcək.

– Medianın gələcəyini necə görürsünüz?

– Süni intellektin meydana çıxması ilə bir çox peşələrin sıradan çıxması prosesi gedir. Bu, əlbəttə, xoşagələn hal deyil. Söhbət təkcə jurnalistika sahəsində çalışan insanların iş yerlərini itirməsindən getmir. Bir çox sahələrdə bu təhlükə artıq gözlənilir. Ancaq hesab edirəm ki, fərdi yaradıcılığa və istedada həmişə ciddi ehtiyac olacaq. Jurnalistika öz missiyasını heç vaxt bitirməyəcək. Cəmiyyət dəqiq və obyektiv informasiyanı yenə jurnalistikanın məhsulu olan saytlardan, onlayn media resurslarından əldə edəcək. Düşünürəm ki, Azərbaycan jurnalistikasının kifayət qədər potensialı var.

– Xüsusilə bloger və tiktokerlərin jurnalistləri əvəz etdiyini deyənlər var.

– Blogerlərin, tiktokerlərin ictimai rəyə təsir imkanları var. Ancaq peşə standartlarından kənarda fəaliyyət göstərən bu şəxslərə nə dərəcədə etibar etmək olar? Cəmiyyətin dəqiq informasiya almaq məsuliyyətini onların üzərinə götürməsi mümkündürmü? Mən düşünürəm ki, yox. Jurnalist müəyyən mərhələlərdən keçir, onda dünyagörüşü və yazı mədəniyyəti formalaşır. Yazı mədəniyyətinin formalaşması isə uzun prosesdir. Hesab edirəm ki, nə blogerlər, nə tiktokerlər, nə də digər peşə sahibləri bu təcrübəni tam əvəz edə bilərlər. Biz onların üzərinə jurnalist peşəsinin məsuliyyətini yükləyə bilmərik. Onların fəaliyyəti jurnalistika deyil.

– Süni intellekt sürətlə inkişaf edir…

– Əlbəttə, süni intellekt sürətlə inkişaf edir və artıq onun imkanlarından istifadə edirik. Bu, sadəcə, bir alətdir. Peşəmizin həyata keçirilməsində sürəti artıracaq, işimizi müəyyən mənada yüngülləşdirəcək vasitədir. Bir məqamı da qeyd edim ki, blogerlər, tiktokerlər və ümumiyyətlə, sosial şəbəkə istifadəçiləri Azərbaycan dilinin qorunması, inkişafı, yeni terminlərin dilimizə gətirilməsi, eyni zamanda, ədəbi dil qaydalarının mühafizəsi baxımından məsuliyyət daşımırlar. Bu məsuliyyət jurnalistlərin və yazıçıların çiynindədir.

– Akif bəy, kollektivdə neçə nəfər çalışır? Qəzetçilikdəki çətinliklər sizin redaksiyaya da təsir edibmi?

– Əvvəllər kollektivimiz 22 nəfərdən ibarət idi. Son dövrlərdə maliyyə resurslarımızın tükənməsi səbəbindən hazırda redaksiyada cəmi 7 nəfər çalışır.

– Gələcək planlarınız nədir?

– Gələcək planımız “Şərq”i yaşatmaqdır. Qəzetimizin çap versiyası hazırda həftədə bir dəfə nəşr olunur. Onlayn media resurslarımız da fəaliyyət göstərir. Biz dünən də var idik, bu gün də varıq, sabah da olacağıq.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: