Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Arman Yeqoyan tarixi ərazilərlə bağlı iddiaları tənqid edib.
Globalinfo.az xəbər verir ki, o bu barədə parlamentdə çıxışı zamanı danışıb.
Yeqoyan bildirib ki, tarixi keçmişə və ya ermənilərin müəyyən dövrdə kompakt yaşamasına əsaslanaraq hər hansı ərazini “erməni vətəni” elan etmək düzgün yanaşma deyil:
“Cənab Karapetyan bu tribunaya çıxıb dedi ki, Adana bizim vətənimizdir. Sual budur: hansı meyara görə? Bilirsinizmi Adana harada yerləşir? Kilikiyada. Biz vətənimizi hansı meyarla müəyyən edirik? Mənim babalarım Xoydan gəliblər. Siz dost ölkəmiz İranla görüşlərdə deyəcəksinizmi ki, Xoy bizim vətənimizdir?
Yaxşı, təsəvvür edin ki, Gürcüstandan nümayəndə heyəti gəlib. Bilirsiniz ki, Lori və Taşir uzun müddət Gürcüstan çarlığının tərkibində olub. İndi Gürcüstandan bir deputat gəlib desə ki, Taşir mənim vətənimdir, çünki filan ildə Gürcüstanın tərkibində olub, onda necə olacaq?”
A.Yeqoyan Türkiyəyə ərazi iddialarından da danışıb:
“Türklərə desəniz ki, Adana bizim vətənimizdir, onlar nə düşünəcəklər? Elə bilirsiniz ki, tarix və tarixi vətən yalnız bizdə var? Burada Ərəb xilafəti də olub. İndi hansısa ərəb dövləti gəlib desə ki, bura bizim vətənimizdir, necə olacaq?”
Əliyar Xəlil