UNESKO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir.
Maraqlıdır, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə haqqı varmı, yoxdursa bunu nəyə güvənərək edir? Haylar bu təfəkkürlə irəliləyərkən sülhdən danışmaq olarmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistanın Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxması birmənalı şəkildə ərazi iddiasıdır:
Oqtay Qasımov
“Təsadüfi deyil ki, məlum hadisə ilə bağlı XİN-in sözcüsü Ayxan Hacızadə də ermənilərin bu mövqeyini Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirib.
Ermənistan sözdə Azərbaycana qarşı ərazi iddiasının olmadığını desə də hər fürsətdə bu iddialarını əks etdirən əməllər törədir, bəyanatlar verirlər. Həm qeyd olunan bu hadisə, həm də Qarabağdakı xunta rejimin dəstəklənməsi, habelə Ermənistan ordusunun qalıqlarının Azərbaycanda qalması kimi əməllər faktiki olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının imtina etmədiyini göstərir. Ermənistan özünün havadarlarının və diasporanın dəstəyinə güvənib bu kimi addımlar atır.
Hesab edirəm bu davranışların zərərini Ermənistan bu gün çəkir və çəkəcək. Təsadüfi ötən gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün keçirdiyi brifinqdə bu məsələyə toxunaraq Ermənistanın ərazi iddialarından əl çəkməsi, silahlı birləşmələri tərkisilah edib çıxarması separatçı xunta rejimin buraxılmasını tələb etdi.
Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə Ermənistan zərər çəkəcək. Ermənistan da bu siyasətini davam etdirəcəksə Cənubi Qafqazda sabitlik olmayacaq. Rəsmi Bakı hələlik diplomatik yolla ərazi iddialarından əl çəkməyə, sülh müqaviləsi imzalanmasına cəhd edir, lakin bu baş verməsə bunun cavabı fərqli olacaq”.
Turan Rzayev
Globalinfo.az