Ermənistanda Rusiya düşmənçiliyi artır: “Rus-türk-azeri Hayestani duşmani” şüarının şifrələri – VİDEO

Son günlər Ermənistanda anti-Rusiya əhvalı güclənməkdədir. Paytaxt İrəvan küçələrində keçirilən yürüş-mitinq və səslənən “Rus-türk-azəri Hayestani duşmani” şüarı da bunu təsdiqləyir.

Ermənilər düşünür ki, Azərbaycan-Türkiyə-Rusiya ittifaqı 44 günlük müharibədə olduğu kimi, post müharibə dövründə də öz qüvvəsini, aktuallığını saxlayır. Şuşa-Xankəndi yolundakı aksiyada da Ermənistan əhalisi Rusiyanı qınayır.

Bir çox erməni rəsmisi deyir ki, ruslar bu aksiyaya bilərəkdən icazə verirlər və yolun bağlanmasında Rusiya sülhməramlılarını günahlandırırlar.

Maraqlıdır, indiki dövrdə Ermənistanda iqtidar və müxalifətin anti-Rusiya əhvalının artması bizə sərf edirmi?

Mövzu ilə bağl Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Ermənistanda anti-Rusiya əhvalının artması bizim maraqlara uyğundur:

“Əslində bu proses 44 günlük müharibə sonrası başlayıb. Başda Nikol Paşinyan olmaqla Qərbpərəst ermənilər Rusiyanı bu və ya başqa formada günahlandırır. Son hadisələr fonunda isə müxalifət də anti-Rusiya çıxışları etməyə başlayıb. Bu isə ondan xəbər verir ki, tədricən Kremlin İrəvanda nüfuzu zəifləyir.

Paşinyan administrasiyası hər vəchlə çalışır ki, daxildəki anti-Rusiya əhvalı güclənsin. Bu həm də onun Qərbə inteqrasiyası üçün vacibdir. Rusiya təsirindən çıxıb Qərbə yaxınlaşan bir Ermənistandan isə ehtiyat etməyə dəyməz. Ermənistan Qərbdə ən çox Fransa ilə yaxındır. Lakin unutmamaq lazımdır ki, Qərb təkcə Fransadan ibarət deyil. Qərbdə əsas söz sahibi Avropa İttifaqı və ABŞ-dır”.

Politoloqun sözlərinə görə, Ermənistanın Qərbə yaxınlaşması yekun sülhün imzalanması prosesini sürətləndirə bilər:

“Məsələ ondadır ki, münaqişəni yaradan və uzadan tərəf məhz Rusiyadır. Kreml istəmir ki, tərəflər arasında yekun sülh müqaviləsi imzalansın. Aİ və ABŞ isə faktiki olaraq konstruktiv yanaşma sərgiləyərək Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır. Bu reallıqlar sülhü tezləşdirə bilər”.

Turan Rzayev

Globalinfo.az