Paşinyan Bakının tələbini yerinə yetirəcəkmi? – Ermənistan qarışdı

Azərbaycan Qarabağ üzərində nəzarəti tam bərpa etdikdən sonra Ermənistan hakimiyyəti ölkənin konstitusiyası, gerbi və himninin dəyişdirilməsini müzakirə edir. Bu isə ölkədə birmənalı qarşılanmır, etirazlara səbəb olur. Həmçinin dördüncü Ermənistan respublikasının yaradılması kimi fikirlər də gündəmdədir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin “İctimai” radiosuna müsahibəsində deyib ki, “Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir”.

Maraqlıdır, Ermənistanda konstitusiya, Müstəqillik Bəyannaməsi dəyişdiriləcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov qeyd edib ki, Ermənistan konstitusiyasının preambulasında Müstəqillik haqqında bəyannaməyə istinad var:

“Həmin bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsindən bəhs edilir. Azərbaycan bunu qəbul edə bilməz. Mövcud reallıqlar da bu yanlışı düzəltməyi tələb edir.

Paşinyan anlayır ki, bütün problemləri həll etmədən sülhə nail olmaq qeyri-mümkündür. Bəs erməni cəmiyyəti buna hazırdırmı? Etirazlardan, narazılıqdan belə qənaətə gəlmək olar ki, ermənilər bu dəyişikliklərə hazır deyil. Ona görə də Paşinyanın bu istəyini reallaşdırması sual altındadır, ancaq müəyyən yol tapmalıdır. Vəziyyətdən çıxmaq üçün konstitusiya dəyişdirilməli, Müstəqillik Bəyannaməsindən imtina olunmalıdır.

Son hadisələr göstərir ki, Paşinyanın əsas məqsədi nəyin bahasına olursa olsun hakimiyyətini qorumaqdır. Buna görə hansı tərəf – Rusiya, yaxud Qərb ümid versə, ona yaxınlaşacaq. Fikrimcə, Paşinyan qanunvericilikdə dəyişikliyə nail olmaq üçün əlindən gələni edəcək”.

Safura Bənnayeva
Globalinfo.az