Ermənistan Rusiya ilə savaş vəziyyətində – Paşinyandan Putinə güllə kimi sözlər

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə “cəsarətli” açıqlama verib. Belə ki, o, “Rusiya ilə strateji tərəfdaşlıq alətləri İrəvanın xarici təhlükəsizliyini təmin etmədi” deyib.

Paşinyanın bu açıqlamasından belə çıxır ki, Rusiya KTMT üzvü olan Ermənistanı Azərbaycanla müharibədə müdafiə etmədi. Buna görə də rəsmi İrəvan bu gün Rusiyadan birmənalı imtina edərək Qərbə – əsas da ABŞ-a üz tutur.

Maraqlıdır, bu, Rusiya ilə açıq toqquşmaya getməkdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Paşinyanın iradının əsası yoxdur:

Qabil Hüseynli

“Rusiya 44 günlük müharibə zamanı Ermənistana ən çox və real yardım edən ölkə idi. Rəsmi Moskva 500 tona yaxın silah-sursatı İran üzərindən Ermənistana, ordan isə Qarabağa separaçılara çatıdırlmışdı. Bundan başqa Rusiyanın Ermənistana təmənnasız verdiyi “İsgəndər” ballistik raketləri də unudulmamalıdır. Bütün bunlar bir daha Paşinyanın “Rusiya bizə yardım etmədi”, “bizi tək qoydu” kimi iddialarını çürüdür.

KTMT İkinci Qarabağ müharibəsində Ermənistana yardım edə bilməzdi. Çünki hərbi əməliyyatlar Azərbaycan ərazisində baş tuturdu. Azərbaycan ordusu bu və ya başqa formada Ermənistana müdaxilə edib hansısa ərazini ələ keçirmədi. Yalnız bəzi hərbi məqsədli obyektlər aviasiya zərbəsi ilə sıradan çıxarıldı. Bu, KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndindən istifadə üçün əsas deyil.

Ümumiyyətlə Paşinyana Rusiyadan uzaqlaşmaq, Qərbə yaxınlaşmaq üçün bəhanələr lazımdır. Bu bəhanələri də öz tərzində yaratmağa çalışır. Lakin mahiyyətinə endikdə boş, əsassız və məntiqsiz olduqlarını görmək mümkündür”.

Politoloq Ermənistan-Rusiya qarşıdurmasının ehtimal nəticələrindən danışıb:

“Ermənistan Paşinyanın Qərbə inteqrasiya siyasəti ilə geri dönüşü imkansız bir yola girib. Hansı ki, bu yolun sonu ya Ermənistanı Ukraynanın vəziyyətinə salacaq, ya da Paşinyan Qəddafinin aqibəti ilə üzləşəcək.

Məsələ ondadır ki, Rusiya 2008-ci ildə Gürcüstanın bənzər siyasətinə görə bu ölkəyə girdi və cəmi 8 saat ərzində Gürcüstanı məğlub edib təslim olmağa məcbur etdi. Ukraynanın vəziyyəti isə hər kəsə bəllidir.

Ermənistan nə Ukraynadır, nə də Gürcüstan. Yəni bu ölkədə Rusiya hərbi bazaları var. Rusiya hər an daxildəki 5-ci kolonu aktivləşdirib aksiyalara başlaya, ölkədəki hərbi bazalar vasitəsi ilə aksiyaları silahlı toqquşmaya, vətəndaş müharibəsinə çevirə bilər.

Paşinyanı silahsız devirmək çətindir, bunu Rusiya da yaxşı bilir. Ermənistan-ABŞ birgə təlimləri isə İrəvanın regiondakı son tərəfdaşlarını da itirməsi ilə nəticələndi. Vaşinqton regiona çox uzaqdır. Yəni İrəvana yardım gələnədək hər şey baş verə bilər. Paşinyan bunu anladığı gün ya altında kreslosu olmayacaq, ya da almağa nəfəsi”.

Turan Rzayev
Globainfo.az