Ermənistan qarışır: Paşinyan və adamlarına qarşı sui-qəsd cəhdi – Həbslər başladı

Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir ki, ölkədə hakim “Vətəndaş müqaviləsi” partiyasına, partiya sədrinin müavinləri – Qagik Melkonyan və Qurgen Arsenyan da daxil partiyanın başqa üzvlərinə qarşı terror cəhdi ilə bağlı iki cinayət işinə başlanıb.

Məlumatda qeyd olunur ki, hakim partiyanın üzvlərinə və tərəfdarlarına qarşı siyasi motivli bomba hücumu cəhdi ilə bağlı 4 nəfər həbs edilib. Baş tutmamış hücum cəhdləri “Vətəndaş müqaviləsi” partiyasının tərəfdarlarını hədəfləməli və beləliklə, hakimiyyətin fəaliyyətini pozmalı idi.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, ermənilər terroru yaxşı bacarır:

“Biz bunu yaxın tarixdə əyani şəkildə görmüşük. Erməni qruplaşmaları Anadoluda, Cənubi Qafqazda, hətta Mərkəzi Asiyada türklərə qarşı bir neçə terror hücumuna, soyqırım aktına imza atıb. Özü də bunu soyuqqanlı şəkildə edirlər. Yəni bu, onlar üçün adi bir şeydir.

Ermənilər özlərinə qarşı da terror etməkdən çəkinmir. Tarixə nəzər salsaq bunun da çox bilinən örnəkləri var. 1999-cu ildə Ermənistan parlamentinə edilən hücum buna ən yaxşı örnəkdir. Bu hücum zamanı Ermənistan parlamentinin sədri, müavinlər, baş nazir qətlə yetirildi. Bu məsələnin üstü hələ də açılmayıb.
Bu gün də əslində Ermənistanda həmin illəri xatırladan gərginlik hökm sürür. Rusiyaya sadiq qüvvələr, revanşistlər bu gün Paşinyana nifrət edir. Ona görə də istisna deyil ki, Paşinyan və onun hökumət üzvlərinə qarşı terror hücumu olsun. Bu dəfə bunun üstü açıldı, amma başqa bir vaxt bu belə olmaya da bilər.
Hesab edirəm, Paşinyan bütün bunların fərqindədir. Buna görə də mühafizəçilərin sayını artırıb. Bundan başqa, onun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə yaxından təmaslar qurması istisna deyil”.

Turan Rzayev
Globalinfo.az