secki 1

Ermənistan Konstitusiya Məhkəməsi iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müxalifətin iddialarını təmin etməyib.

Globalinfo.az xəbər verir ki, məhkəmə Mərkəzi Seçki Komissiyasının seçkilərin yekun nəticələri ilə bağlı qərarını qanuni hesab edib və səsvermənin nəticələrini dəyişmədən qüvvədə saxlayıb.

Məlumata əsasən, işə baxılması altı gün davam edib və məhkəmə iclasları ümumilikdə 50 saata yaxın çəkib.

Seçkilərin nəticələrinin ləğv edilməsi və ya ikinci turun keçirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə “Güclü Ermənistan” və “Ermənistan” blokları, həmçinin “Yeni Güc”, “Respublika naminə”, “Çiçəklənən Ermənistan”, “Birliyin Qanadları” və “Demokratiya, Qanun, İntizam” partiyaları müraciət ediblər. Onlar seçkilər zamanı sistemli və kütləvi qanun pozuntularına yol verildiyini iddia kimi irəli sürürdülər.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. Bülletenlərin 100 faizinin hesablanmasının nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 49,83 faiz səs toplayaraq hökuməti təkbaşına formalaşdırmaq hüququ qazanıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: