Ermənistan çıxılmaz durumda – Azərbaycan kömək edəcəkmi?

Ermənistanı Gürcüstan ərazisindən keçməklə Rusiyaya birləşdirən yeganə yol – Yuxarı Lars sərhəd-keçid məntəqəsinin bağlanması İrəvanda ciddi təşviş yaradıb. Vəziyyət o həddə çatıb ki, çıxış yolu kimi Azərbaycandan yardım istənilməsi haqda təkliflər irəli sürülür.

Maraqlıdır, Azərbaycan Ermənistana alternativ yol təklif edəcəkmi? Əvəzində Ermənistan Naxçıvan dəhlizini açarmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsinin hava şəraiti ilə əlaqədar bağlanması bu iki ölkədən çox, Ermənistana ziyan vurub:

Aytən Qurbanova

“Çünki bir çox istiqamətdə birbaşa Rusiyadan asılı olan Ermənistan buradan idxal etdiyi məhsullar hesabına daxili bazarını təmin edir.

Faktiki olaraq Ermənistan TIR-ları keçid məntəqəsində qalıb və reallıq budur ki, bu vəziyyətdən İrəvanı yalnız Azərbaycan çıxara bilər. Bu həm də Ermənistan üçün növbəti mesaj olaraq da dəyərləndirilə bilər. Azərbaycan ilə normallaşma prosesi və sülh müqaviləsinin imzalanması Ermənistanı növbəti belə hadisələrdən sığortalaya və eyni zamanda ona regional kommunikasiya xətlərinin bir parçası olmaq fürsəti verə bilər.

Düşünürəm ki, Ermənistan tərəfi bu vəziyyətdən dərs çıxara bilsə, biz sülh müqaviləsinə və kommunikasiya xətlərinin bərpa olunması ilə bağlı əldə olunmuş razılıqların icrasına bir addım daha yaxınlaşmış olacağıq”.

Turan Rzayev
Globalinfo.az