
“Ermənistan Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” televiziya kanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, bu xüsusda alınan siqnallar ondan ibarətdir ki, Ermənistanda yeni konstitusiyanın qəbulu üçün proses başlamaqdadır:
“Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur”.
Prezidentin köməkçisi açıqlamasında Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətinə də toxunub:
“Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə Türkiyə var. Ölkələrimizin maraqlarına qarşı olan hər bir addıma qəti şəkildə cavab veririk, bundan sonra da bu şəkildə davam edəcəyik”.