Ermənistan 2024-cü ilə bu aksiya ilə başladı: İsrail səfirini narahat edən məqam

2024-cü il yanvarın 1-də Ermənistanın paytaxtı İrəvanda yerli neonasistlərin yürüşü keçirilib. Onlar azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədərək soyqırımılar etmiş, İkinci Dünya müharibəsi illərində isə Hitler Almaniyası ilə sıx əməkdaşlıq qurmuş və müharibədən sonra həbs edilərək həbsxanada ölmüş Qaregin Njdeni anıblar.

İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdə Erməni neonasistlərin Njdenin abidəsi qarşısında əllərini neonasist salamıyla qaldırması isə xüsusi ilə diqqət çəkir.

Qabil Hüseynli

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, neonasizm əsrimizin ən təhlükəli tendensiyasıdır:

“Bu mənfi tendensiya Avropada daha çox vüsət alsa da sərhədlərimizə qədər gəlib çıxması ciddi narahatlıq yaradır. Vaxtında qarşısı alınmasa güclənəcək və əsrimiz ötən əsirdə olduğu kimi yenidən nasistlərin yüksəlişinə şahid olacaq.

Diqqət etsəniz, neonasizm də sələfi nasizmdən fərqlənmir. Yəni eyni nifrət şüarları, eyni ideologiya, eyni məramı ehtiva edir. Bu həm də onu deməyə əsas verir ki, bu tendensiyanın qarşısı vaxtında alınmasa neonasistlər təşkilatlanıb qlobal miqyasda mübarizəyə başlayacaqlar.

Dünyanın hər yerində nasizm simvolları, hətta bayraqları qadağan edilmişkən Qərbə inteqrasiya yolu tutduğunu elan edən Ermənistanda nasist salamı verən neonasistlərə səs çıxarılmır. Qərbə inteqrasiya budursa o zaman Qərbin içərisindəki vəziyyəti təsəvvür belə etmək istəmirəm.

Lakin Ermənistandakı vəziyyət həm də təəccüblü deyil. Çünki Njdenin abidəsi olan bir yerdə gec-tez neonasizm də yüksələcəkdi”.

Zaur Məmmədov

Politoloq Zaur Məmmədov isə deyib ki, İrəvanda neonasistlərin yürüşü təəccüblü deyil:

“Paşinyanın ucaltdığı Njdenin və digərlərinin abidələri bu ölkənin əsl üzünü ifşa edir. Hazırda dünyada neonasizmə qarşı mübarizənin getdiyi vaxtda Ermənistanda bu, normal hal sayılır.
İstər Qarabağ erməniləri, istərsə də Ermənistan erməniləri arasında həmişə nasizmə böyük bir rəğbət olub. Misal üçün, Ermənistan baş nazirinin babası Nikolay Vartanoviç Paşinyan Sovet ordusuna qarşı döyüşərək, “beçinci kolon” rolu oynayıb və faşistlərə xidmət edib. Araşdırmalar nəticəsində o da məlum olub ki, Nikol Paşinyanın babası Sovet ordusu tərəfindən öldürülüb”.

İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion X hesabında İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb ki, Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir.

“2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır”, – o yazıb.

Turan Rzayev
Globalinfo.az