“Ermənilərin “seçki” şousu normallaşmaya və reinteqrasiyaya ciddi əngəldir” – Əvəz Qocayev

“Azərbaycan dövləti sülh istəyir. Problemin danışıq yolu ilə həllində maraqlıdır. Ermənistan sözdə sülh tərəfdarı olduğunu bildirsə də, əməldə tamam başqa işlər görür.”

Globalinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini, YAP Nəsimi rayonu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ərazi üzrə ilk partiya təşkilatının sədri Əvəz Qocayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev həm yerli ictimaiyyət qarşısında çıxışında, həm beynəlxalq mediaya müsahibələrində dəfələrlə vurğulayıb ki, müharibə istəmir:

“Cənab Prezident sülh sazişinin imzalanıb, Qarabağda və bütövlükdə Cənubi Qafqaz bölgəsində əmin-amanlığın bərqərar olmasında maraqlıdır. Azərbaycan çalışır ki, bu məsələlər Ermənistanla həll edilsin. Kənar dövlətlərin müdaxiləsinə gərək qalmasın. Ermənistan hakimiyyəti isə siyasi iradə nümayiş etdirə bilmir. Bir yandan Fransa kimi pozucu fəaliyyətlə məşğul olan dövlətlər, digər yandan xaricdəki erməni diasporu, bəzi qonşu dövlətlər Ermənistan ictimai rəyini manipulyasiya edirlər, rəsmi İrəvanı normal fəaliyyətdən yayındırırlar. Ermənistandakı bəzi qüvvələrin də pozucu fəaliyyəti bir yandan öz işini görür. Azərbaycanda isə xalq-dövlət birliyi olduğu üçün bu cür problemlərə rast gəlinmir. İstər sülh, istərsə müharibə məsələsində xalq dövlətin və Prezidentin yanındadır. Cəmiyyətimizdə qəti şəkildə fikir ayrılığı yoxdur. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq kənardan idarə olunan dövlət deyil. Qərarları Prezident verir. O qərarların və iradənin mənbəyi xalqdır. Möhtərəm Prezident öz xalqına güvənir, xalq da dövlət başçısının bütün qərarlarını doğru hesab edir”.

Əvəz Qocayev bildirib ki, Azərbaycan Xankəndiyə humanitar yük göndərib. Amma ermənilər bu yüklərin ünvana çatmasına əngəl törədir. O, deyib ki, ermənilər həm acından öldüklərini deyib, hay-küy salırlar, həm də Bakıdan göndərilən 40 ton unu qəbul etmirlər. Beləliklə, növbəti erməni məkri üzə çıxır, yalanları ifşa olur:  

“Yaxşı, tutaq ki, Azərbaycanın yardımından imtina edirlər, o zaman Rusiyadan göndərilən humanitar yükləri niyə qəbul etməkdən yayınırlar? Demək, məsələnin kökündə başqa şeylər dayanır. Qarabağdakı separatçılar və onların havadarları istəyir ki, yüklər Laçın postundan keçməklə Xankəndiyə çatdırılsın. Bu da mümkün olmayacaq. Azərbaycan tərəfinin təklif etdiyi Ağdam-Xankəndi yolu istər məsafə, istərsə də rahatlıq baxımdan daha əlverişlidir”.

Müsahibimiz Qarabağdakı qondarma “prezident seçkiləri” mövzusuna da toxunub:

“Ermənistan məğlubiyyətdən sonra da işğalçılıq siyasətindən əl çəkmir.  Qarabağda gərginliyi artırır. Vaxtaşırı atəşkəs rejimini pozur, separatizmi dəstəkləyir. Hazırda Qarabağda 10 minə yaxın qanunsuz erməni silahlı hərbçisi var. Onların silah təminatı Ermənistan tərəfindən həyata keçirilir. Ermənistan növbəti dəfə təxribata əl atdı. Belə ki, qondarma rejim sentyabrın 9-da “prezident seçkiləri” adı ilə qanunsuzluğa yol verdi. Bu, Azərbaycan Konstitusiyasının, qanunlarının, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Separatçıların bu hərəkəti bölgədə normallaşma və erməni sakinlərin Azərbaycan Konstitusiyası çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ölkəmizin ərazisində Azərbaycanın qanunları xaricində heç bir seçki keçirilə bilməz”.

Turan Rzayev
Globalinfo.az