putin pasinyan 876 900x600 2

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artır. Ölkə ictimaiyyətində Baş nazir Nikol Paşinyanın siyasi taleyi ilə bağlı suallar kəskinləşib. Mühafizəkar müxalifət qüvvələri Paşinyana qarşı vahid koalisiya formalaşdırmaq imkanlarını müzakirə edir, bu proses Ermənistanın gələcək siyasi xəttinə ciddi təsir göstərə bilər.

Eyni zamanda, Rusiyada geniş biznesi olan erməni əsilli iş adamı Artur Karapetyanın partiya təsis etməsi və siyasi rolunun yenidən aktuallaşması diqqət çəkir.

Müxalifətin birləşməsi real ssenariyə çevrilərsə, bu, növbəti seçkilərdə səslərin böyük hissəsini qazanmağa kifayət edəcəkmi? Paşinyanı və komandasını seçkilərdə nə gözləyir?

Globalinfo.az‑a danışan politoloq Azad Məsiyev deyib ki, Nikol Paşinyan ABŞ‑ın himayəsi ilə hakimiyyətə gəlib:

“Vaşinqton Paşinyanın qarşısına bir təlimat qoyub və o, bunu yerinə yetirir. Əsas təlimat Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətməkdir. Artıq Ermənistanda RusiyaABŞ‑ın maraqları toqquşub. Bu toqquşma ölkədə qarşıdurmanı dərinləşdirir. Bu günə qədər erməni lobbiləri eyni pozisiyadan çıxış edirdilər. İndi isə dövlət ilə lobbi arasında kəskin fikir ayrılığı var.

Lobbi daxilində də parçalanma müşahidə olunur. Belə ki, Qərb qanadı ilə Rusiya qanadı arasındakı fikir ayrılığı bariz şəkildə hiss edilir. Rusiyada yaşayan erməni lobbisi hesab edir ki, Ermənistanın gələcəyi Kremlin təsiri altında olmalıdır. Qərb lobbi isə düşünür ki, ölkə Avropa və ABŞ istiqamətində hərəkət etməlidir.

azad mesiyev

İndiyədək Ermənistan böyük güclərin əlində alətə çevrilmişdi: əvvəlcə Rusiyanın, indi isə ABŞ‑ın təsiri altında qalmışdı. Ermənistan müstəqil ölkə olaraq müstəqil fəaliyyət göstərə bilmir. Maraqların toqquşduğu məqamda isə ölkədə təlatüm yaranır. Ermənistan dövləti azad olmaq istəyirsə, qonşularından asılı vəziyyətdə qalmamalıdır. Xüsusən AzərbaycanTürkiyə ilə bu məsələdə mühüm önəm kəsb edir. Ermənistan Rusiyadan enerji və nəqliyyat infrastrukturu baxımından asılıdır, siyasi hakimiyyət isə qərbyönümlüdür. Paşinyanın apardığı siyasət nəticəsində bu tarazlıq pozulub. Halbuki balans olmalı idi.

Vəziyyət getdikcə pisləşir. Karapetyan amili də bu mənada diqqət çəkir. 2026‑cı ildə bu təlatümün nəticəsi daha aydın görünəcək. Yay aylarında keçiriləcək seçki zamanı bunu daha qabarıq şəkildə görəcəyik”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: