er

Erməni general Manvel Qriqoryanın bir videosu xeyli müzakirələrə səbəb olub.

Belə ki, jurnalistlərin “Cənab general, deyirlər ki, əsirlərlə yaxşı rəftar etmisiniz” sualına o, “Bəli, əlbəttə. Hərb qanunları var. Axı biz insanıq. Bizi gücümüzlə yanaşı fərqləndirən də elə budur”, – cavabını verir.

Qriqoryan “biz insanıq”, “hərb qanunlarına əməl edirdik” kimi ifadələrlə özünü beynəlxalq humanitar hüquqa sadiq hərbçi kimi təqdim etməyə çalışsa da, müsahibənin davamında söylədiyi fikirlər bu iddianı onun öz dili ilə təkzib edir.

– Heç əsir saxlamısınız? Yanınızda əsirlər olub?

– Bəli, olub. Niyə də olmasın? Yüzlərlə əsir saxlamışam. Onlardan biri də Simon adlı biri idi.

– Bəs onu evinizdə saxlamısınız?

– Bəli, hətta evimdə saxlamışdım.

– Neçə il?

– Dörd il. Sonra isə azad etdim. İki il Mardakertdə (Ağdərədə), iki il isə Ermənistanda (güman ki, Eçmiədzinin Arşaluys kəndində) saxladım. Sonra onu Ermənistana gətirdim və daha sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə geri göndərdim. Onu aparıb öz tərəflərinə təhvil verdilər. Çünki anası, bacısı və nişanlısı var idi. O, çox istəyirdi ki, evinə qayıtsın. Mən də onu buraxdım, getdi.

Qriqoryan etiraf edir ki, yüzlərlə əsir saxlayıb və onlardan birini dörd il müddətində əvvəl Ağdərədə, daha sonra isə Ermənistan ərazisində saxlayıb. Daha da diqqətçəkən məqam odur ki, həmin əsiri öz evində saxladığını heç bir tərəddüd etmədən etiraf edir. Halbuki beynəlxalq humanitar hüquqa əsasən, hərbi əsirlər fərdi evlərdə saxlanıla bilməz. 1949-cu il Cenevrə Konvensiyalarına görə, hərbi əsirlərin saxlanılması dövlətin məsuliyyəti altında həyata keçirilməli, onların qeydiyyatı aparılmalı, ailələrinə məlumat verilməli və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi səlahiyyətli humanitar qurumların onlara maneəsiz baş çəkməsinə şərait yaradılmalıdır. Bir şəxsin dörd il ərzində fərdi evdə saxlanılması onun qanunsuz olaraq azadlıqdan məhrum edilməsi, gizli əsirlikdə saxlanılması deməkdir. Bu isə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Qriqoryanın “onu sonradan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə geri göndərdim” deməsi məsuliyyəti aradan qaldırmır. Əksinə, bu ifadə göstərir ki, həmin şəxs illərlə rəsmi nəzarət mexanizmlərindən kənarda saxlanılıb.

Müsahibədə diqqət çəkən digər məqam jurnalistin əsirin 15–16 yaşında olması barədə səsləndirdiyi iddiadır:

– Onun neçə yaşı var idi? Deyirlər, 15–16 yaşında olub.

– Xeyr. Nə 15–16 yaş? O, xüsusi təyinatlı dəstənin döyüşçüsü idi. Sağlam, yekəpər bir adam idi. Hansı 15–16 yaş?

– Simon dediyiniz həmin şəxs?

– Bəli. O, çox güclü, iri cüssəli idi və xüsusi təyinatlı dəstədə xidmət edirdi. Əsir götürülənə qədər onun tutulması böyük çətinliklə başa gəlmişdi.

Qriqoryan bunu təkzib edərək onun xüsusi təyinatlı dəstənin döyüşçüsü və iri cüssəli şəxs olduğunu bildirir. Lakin bu cavab məsələnin mahiyyətini dəyişmir. İstər xüsusi təyinatlı hərbçi, istər sıravi əsgər, istərsə də mülki şəxs olsun, əsir götürüldüyü andan etibarən beynəlxalq humanitar hüququn müdafiəsi altına düşür və onun illərlə şəxsi evdə saxlanılması qəbul edilə bilməz.

Manvel Qriqoryanın etirafları diqqət çəkir. Lakin bu müsahibə daha ciddi bir problemi ortaya çıxarır. Belə ki, Azərbaycan onilliklərdir itkin düşmüş şəxslərin taleyi ilə bağlı haqlı və israrlı mövqe ortaya qoyur. Üstəlik, rəsmi Bakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) bu istiqamətdə fəaliyyətinin səmərəsizliliyi ilə bağlı məsələni dəfələrlə qaldırıb.

Qriqoryanın dörd il ərzində bir azərbaycanlı əsiri əvvəl Ağdərədə, sonra isə Ermənistanda, hətta öz evində saxladığını deməsi göstərir ki, əsirlərin hamısı beynəlxalq humanitar hüququn tələb etdiyi qaydada qeydiyyata alınmayıb və onlara beynəlxalq nəzarət təmin edilməyib. Əgər bir nəfərin taleyi bu şəkildə illərlə gizli saxlanıla bilibsə, o zaman haqlı olaraq sual yaranır:

Əgər əsir rəsmi qeydiyyatda olubsa, dörd il ərzində onun hüquqlarına necə nəzarət edilib?

Yox, əgər qeydiyyatda olmayıbsa, bu, vəziyyəti daha da ağırlaşdırır və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulduğunu göstərir. Çıxan nəticə budur ki, Qırmızı Xaç Komitəsi öz işinin öhdəsindən gəlməyib, azərbaycanlı əsirlərin taleyi ilə maraqlanmayıb.

1 1 1

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə azərbaycanlıya nə oldu?

İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə aparılan araşdırmalar nəticəsində 32 kütləvi məzarlıq aşkar edilib. Bu 32 kütləvi məzarlıqda aparılan axtarış və identifikasiya işləri nəticəsində 893 nəfərə aid insan qalıqları aşkar edilərək ekshumasiya olunub. Onlardan 327 nəfərin şəxsiyyəti DNT analizi və məhkəmə-tibb ekspertizası vasitəsilə müəyyən edilib, 226 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub.

Hazırda 3 683 nəfər hələ də itkin hesab olunur. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 542 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib.

Azərbaycanda Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar qeydiyyata alınmış itkin düşmüş şəxslərin ümumi sayı 4 010 nəfər təşkil edir. İtkin düşənlərin 3 222-si hərbçi, 782-si isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 yaşlı şəxs var.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsas mandatlarından biri silahlı münaqişələr zamanı hərbi əsirlərin qeydiyyatını aparmaq, onlara baş çəkmək, ailələri ilə əlaqəni təmin etmək və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına yardım göstərməkdir. Lakin həm Manvel Qriqoryanın etirafları, həm aşkarlanan kütləvi məzarlıqlar, həm də statistik göstəricilər deməyə əsas verir ki, itkin düşmüş minlərlə Azərbaycan vətəndaşının  taleyinin araşdırılması istiqamətində əldə olunan nəticələr qeyri-kafi olub. Bu isə BQXK-nin mandatını nə dərəcədə effektiv icra etdiyi barədə ciddi suallar doğurur.

Azərbaycanın axtarış işləri bu gün də davam edir. Hər yeni kütləvi məzarlıq bir daha göstərir ki, son 30 ildən artıq müddətdə taleyi naməlum qalan insanların bir hissəsi faktiki olaraq gizli şəkildə dəfn edilib. Bu tapıntılar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə bağlı iddiaların araşdırılmasının vacibliyini artırır və həmin dövrdə əsirlərlə, girovlarla və itkin düşmüş şəxslərlə bağlı bütün faktların beynəlxalq səviyyədə yenidən qiymətləndirilməsini zəruri edir.

Qriqoryanın müsahibəsi də məhz bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Onun “əsiri evimdə saxlayırdım” etirafı göstərir ki, əsirlərin taleyi rəsmi mexanizmlərdən kənarda həll olunurdu. Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu şəxslərə çıxış imkanlarının olub-olmaması, olubsa, niyə bu halların qarşısının alınmadığı, olmayıbsa, niyə bununla bağlı ictimai və hüquqi mövqe nümayiş etdirmədiyi barədə suallar cavabsız qalır.

Bu gün Azərbaycan ilə Ermənistan arasında uğurlu danışıqlar prosesi gedir. Tərəflər arasında sülh sazişi paraflanıb, delimitasiya və demarkasiya işləri davam edir. Lakin bu, o demək deyil ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərin taleyinə biganə qalınacaq. Bakının mövqeyi ondan ibarətdir ki, itkin düşmüş şəxslərin taleyi siyasi mübahisə mövzusu deyil, humanitar məsələdir. Bu məsələdə beynəlxalq təşkilatların fəaliyyəti yalnız bəyanatlarla deyil, real nəticələrlə qiymətləndirilməlidir. Əgər onilliklər ərzində minlərlə insanın taleyi naməlum qalır, sonradan isə kütləvi məzarlıqlar aşkarlanırsa, bu, həmin dövrdə mövcud beynəlxalq humanitar mexanizmlərin nə dərəcədə effektiv işlədiyi barədə ciddi və əsaslı suallar doğurur. Bu sualların cavablandırılması isə həm itkin düşmüş şəxslərin ailələri, həm də beynəlxalq humanitar hüququn nüfuzu baxımından böyük əhəmiyyət daşıyır.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: