“Ermənistan növbəti müharibə haqda düşünür” – Politoloq XİN rəhbərlərinin görüşünün şifrələrini açdı

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər.

Xatırladaq ki, noyabrın 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında ABŞ-da geniş tərkibli görüş baş tutub. Eyni zamanda tərəflər ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüşə qatılıblar.

 

Politoloq Tofiq Abbasov XİN başçılarının növbəti görüşündən gözləntiləri Globalinfo.az-a şərh edib.

Onun sözlərinə görə, Vaşinqton görüşündə ABŞ və xüsusilə də Entoni Blinken bu prosesin bütün təşkilatçılığını, onun ideoloji tərkibini əlində saxlamağa çalışır və burada məqsəd isə Rusiyanı bu məsələlərdən uzaqlaşdırmaqdan ibarətdir. Aydındır ki, hər hansı bir şey üçüncü tərəfin istəyi ilə başqa rəqibin acığına edilirsə, bu məsələ heç bir nəticə verə bilməz.

“Bu görüşlərdə ən böyük problem ondan ibarətdir ki, Ermənistan özü nə istədiyini, hansı sülhdən bəhs etdiyini və üzərinə düşən öhdəliklərin nədən ibarət olduğunu bilmir. Əslində 10 Noyabr, 11 Yanvar və Soçi üçtərəfli bəyanatları hamısı bir şeydən xəbər verir: Ermənistan razılığa gəlmək istəyirsə, gərək prosesi süründürməsin. Əgər süründürürsə, demək, nəticənin olmasında maraqlı deyil və nəyisə gözləyir. Ermənistan ilk növbədə 15 noyabrda Fransa Senatının bu məsələlərlə bağlı müzakirələr keçirəcəyini gözləyir. Fransa Azərbaycan və Türkiyədən guya qəzəblidir və Ermənistanı ortaya salmağa təhrik edəcək və ona silah-sursat ötürməyə çalışacaq.  Hətta bunun üçün logistika da fikirləşiblər ki, Rumıniya vasitəsilə Qara dənizdə Kanstansa portundan Potiyə qədər silah-sursat gələcək. Ermənistan nümayəndələri Gürcüstan ərazisində silah-sürsatı təhvil alıb, bölgəyə gətirəcəklər. Hətta Hindistanın da Ermənistana silah-sursat ötürdüyü deyilib. Bura uçan aparatlar var və sair daxildir”.

Ekspert vurğulayıb ki, Ermənistan bilavasitə növbəti müharibə haqda düşünür.

“Belə olan halda Ermənistan sülh müqaviləsi haqda düşünə bilərmi və ya razılığa gələ bilərmi? Əlbəttə ki yox. ABŞ, Fransa, Rusiya keçmiş həmsədr ölkələrdir və çalışırlar ki, Azərbaycanın əzmini sındırsınlar, öz baxışlarını ona təlqin etsinlər. Amma Azərbaycan buna gedən deyil. Ermənistanda silahlanma barədə düşünürlərsə, deməli, əvvəl-axır bölgədə yeni toqquşmalar təşkil edəcəklər” – Tofiq Abbasov bildirib.

Tofiq Abbasov bildirib ki, Ermənistan bu görüşlərə ciddi şəkildə yanaşmır, çalışır ki, prosesi pozsun və ən yaxşı halda vaxt udsun. Ekspert sual edir ki, rəsmi İrəvan bundan nə əldə edəcək, bu, artıq başqa mövzudur.

“Üçtərəfli bəyanatlar kommunikasiyaların açılmasını, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını və s. əks etdirirdilər. Ermənistan bunu istəmirsə, demək, başqa planın intizarındadır. Rusiya danışıqlar prosesində fəallıq göstərir, digər tərəfdən, ABŞ burada yaxından iştirak edir, Fransa müdaxilə etməyə cəhdlər göstərir. Ermənistan bu üç ölkədən xilas kəmərinin alınmasını gözləyir. Bu həm də revanşizmə aparan yoldur. Əlbəttə, bu yolun gələcəyi yoxdur. Ermənistan başa düşməlidir ki, Azərbaycan təşəbbüskarlıq göstərməklə ona heç bir imkan verməyəcək. Azərbaycan açıq-aşkar nə istədiyini bilir: bu, sabitlik, sülh və əməkdaşlıqdır. Əgər Ermənistan bunu qəbul etməsə, yenə də ağrılı-acılı şəraitdə yaşamalı olacaq” – T.Abbasov vurğulayıb.

Gülnar Səlimova, Globalinfo.az