Ərdoğan tələsir: Türk liderin Zəngəzur israrının səbəbi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib ki, Ermənistan verdiyi vədləri yerinə yetirsə, xüsusən Zəngəzur dəhlizini açsa, rəsmi Ankara qarışıqlı əlaqələri inkişaf etdirməyə hazırdır.

Son zamanlar Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri tez-tez səsləndirməsi diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Zəngəzur dəhlizi məsələsi Azərbaycan-Ermənistan kontekstindən çıxaraq regional bir məsələ halını alıb:

“Regionda marağı olan bir çox ölkə Zəngəzur dəhlizi ilə yaxından maraqlanır. Rusiya, Çin, Aİ, ABŞ buna misal ola bilər. Vəziyyəti daha yaxşı anlamaq üçün deyə bilərəm ki, BMT TŞ-nin 5 daimi üzvündən üçü bu məsələdə maraqlıdır.

Rəcəb Tayyib Ərdoğanın bu məsələnin üzərinə getməsi təsadüfi deyil. Ərdoğan da böyük oyunun içindədir və Türkiyənin bu məsələdə əsas paya sahib olmasını istəyir.

Ermənistan isə müqavimət göstərir. Əlbəttə ki, rəsmi İrəvan təkbaşına müqavimət göstərmək iqtidarında deyil. Almaniya, Fransa, İran bu məsələdə Ermənistana dəstək verir. Lakin Ermənistanın uzun müddət müqavimət göstərməsi real deyil.

Geosiyasi vəziyyət sürətlə dəyişir. İsrail-Fələstin qarşıdurması birdən-birə alovlandı. Sabah başqa bir regionda da proses qızışa bilər. Ona görə də indidən bir çox şey haqda danışmaq olmur. Buna görə də Zəngəzur dəhlizinin üzərinə getməliyik. Çünki sabah elə bir hadisə baş verə bilər ki, Zəngəzur dəhlizi də unudula bilər”.

Turan Rzayev
Globalinfo.az