“Azərbaycan və Türkiyədə hər seçkidən sonra ilk qarşılıqlı rəsmi səfərlərin Ankara və Bakıya edilməsi ənənə halını alıb”.
Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Azərbaycan Prezidenti İlham Əliyevin seçkidən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, budəfəki səfər də əhəmiyyətli idi:
“Birincisi, liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu bir daha bildirdilər. Bu həm də görüşdə iştirak edən nazirlərə tapşırıq idi ki, ticarət həcminin artırılması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa Ankaradakı görüşdə Naxçıvan üçün iki vacib layihənin – Qars-Naxçıvan dəmiryolunun və İqdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı.
İkincisi, Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsi vacibliyi vurğulandı. Fransa ilə münasibətlərimiz gərgin olduğu halda Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərirsə, paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına universitetin yaradılması zəruridir.
Üçüncüsü, liderlər hərbi-texniki əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. Bu sahədə ortaq istehsalın fəaliyyətə başlamasına az qalıb. İlham Əliyev Ankarada “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” cümləsini təkrarlamağı da unutmadı.
Dördüncüsü, İlham Əliyev Türk Dövlətləri Təşkilatının iyul ayında Şuşa keçiriləcək qeyri-rəsmi zirvə toplantısına Şimali Kiprində müşahidəçi qismində dəvət olunacağını bildirdi. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprin türk ailəsində yer alması siyasətinə dəstəyini artırıb. Ancaq bu azdır, Mərkəzi Asiya ölkələrinin də Kiprə dəstəklərinin artırılmasına ehtiyac var”.
Politoloq deyib ki, İlham Əliyevin Ankarada söylədiyi kimi, iki ölkə arasında müttəfiqlik keçmiş illərdə də mövcud olub, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb:
“Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədirlər. Həmin dövlətlər anlayırlar ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir”.
Turan Rzayev
Globalinfo.az