Ərdoğanı seçkidə qalib edəcək iki faktor – Politoloqdan ilginc versiya

“Türkiyədəki prezident seçkisində kimin qalib olacağını demək mümkün deyil, lakin fikrimcə, favorit Rəcəb Tayib Ərdoğandır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Əhəd Məmmədli iki ay sonra qardaş ölkə Türkiyədə prezident və parlament seçkilərində kimin qalib olması haqda danışarkən deyib.

O bildirib ki, hər şey gedişatdan, siyasətçinin böyüklüyündən, rəqiblərin müqayisəsindən asılıdır:

“Türkiyə xalqının müdrik və imperiya toplumu olduğunu nəzərə alsaq, o zaman Ərdoğanın qalib gələcəyini rahat şəkildə proqnoz verə bilərik.

Bu məsələdə müxalifəti şanslı edən onun birləşməsi və ya vahid namizədlə çıxış etməsi deyil. Ərdoğanın şəxsiyyəti ilə müqayisədə onlar bir qədər zəif görünürlər. Onlar anti-Ərdoğan koalisiyasında müxalifət və onun namizədi ətrafında birləşiblər, milli liderə qarşıdırlar.

Türkiyənin müstəqil siyasəti, böyüməsi ABŞ və imperialist qüvvələrin maraqlarına cavab vermir. Bütün bunlara rəğmən, düşünürəm ki, qalib məhz Ərdoğan olacaq. Türkiyə xalqının düzgün seçim edəcəyinə inanıram”.

Ə.Məmmədli deyib ki, Azərbaycan Türkiyədə status-kvonun dəyişməsində maraqlı deyil:

“Ona görə ki, Ərdoğanın rəhbərliyi zamanı Azərbaycana yetərincə dəstək göstərildi. Həm də Ərdoğanın dönəmində Türkiyə gücləndi. Bu iki məsələyə əsasən deyə bilərik ki, Azərbaycan R.T.Ərdoğanın hakimiyyətdə qalmasını istəyir”.

Zaira Akifqızı
Globalinfo.az