%C9%99rdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsrailin ABŞ ilə İran arasında aparılan danışıqlar prosesini pozmağa yönələn cəhdlərini diqqətlə izləyir.

Globalinfo.az-ın xəbərinə görə, Ərdoğan bu fikirləri İstanbulda Şahbaz Şərif ilə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında səsləndirib.

Türkiyə liderinin sözlərinə görə, Pakistanın səyləri nəticəsində əldə olunan razılaşma regionda gərginliyin azalmasına ümid yaradıb. O qeyd edib ki, son günlər beynəlxalq mediada yayılan məlumatlar danışıqlar prosesində müəyyən çətinliklərin olduğunu göstərir.

“Biz regionumuzda gərginliyin azalmasına və problemlərin diplomatik yollarla həllinə xidmət edən hər bir addımı dəstəkləmişik və buna davam edəcəyik. İsrail administrasiyasının razılaşmanı pozmağa yönələn təxribatlarını diqqətlə izləyirik. Siyasi mövcudluğunu bölgədə münaqişələrin davam etməsinə bağlayan İsrail hazırda xüsusilə Livan və Suriyada fəallaşıb”, – deyə Ərdoğan vurğulayıb.

O, həmçinin Qəzzada İsrail ordusunun həyata keçirdiyi hücumların dayandırılmasının vacibliyini qeyd edib.

“Onların bölgəni yenidən barıt qoxusuna və qan içində boğmasına imkan verməməliyik. Türkiyə bölgədə dinindən asılı olmayaraq hər kəsin sülh və təhlükəsizlik şəraitində yaşadığı bir mühitin formalaşmasını istəyir. Region ölkələrinin iradəsi və iştirakı olmadan qəbul edilən heç bir qərar uzunmüddətli və davamlı deyil”, – Türkiyə Prezidenti əlavə edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: