Erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə yeni ədliyyə naziri Akın Gürlekin andiçmə mərasiminə mane olmaq istəyən müxalifət deputatları “bandit üsullar”dan istifadədə ittiham edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) regional təşkilat rəhbərləri ilə görüşdə çıxışı zamanı deyib ki, müxalifət nümayəndələri nazirlərin andiçməsinə mane olmaq üçün parlament tribunasını zəbt ediblər.

“Nazirlərimizin andiçməsinə mane olmaq üçün onlar hər cür bandit üsullarına əl atdılar. Həmçinin  xalqın tribunasını zəbt etdilər. Siyasi instituta inamı sarsıdan, parlamentin nüfuzuna xələl gətirən və xalqımızı təhqir edən hücumları qınayır və rədd edirəm”, – deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, bir gün əvvəl Ərdoğan yeni daxili işlər və ədliyyə nazirlərinin təyin olunması ilə bağlı fərman imzalayıb. Konstitusiyaya əsasən, nazirlər vəzifələrinin icrasına başlamazdan əvvəl parlamentdə and içməlidirlər. Əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) isə keçmiş İstanbul baş prokuroru Akın Gürlekin ədliyyə naziri kimi andiçməsinə imkan verməyəcəyini açıqlayıb.

Parlamentdə iclas başlamazdan əvvəl CHP deputatları naziri and içməli olduğu tribunaya toplaşıblar. Daha sonra tərəflər arasında qarşıdurma yaranıb. Parlament sədrinin müavini Bəkir Bozdağ iclası bir neçə dəfə dayandırmalı olub. Buna baxmayaraq, Akın Gürlek and içib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: