17 il bu danışıqların içində olmuşam, ermənilər elə bilir ki… – Elmar Məmmədyarov

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbərləri may ayının 1-dən Vaşinqtonda tarixi proses aparırlar. Nazirlər sülh sazişi layihəsini müzakirə edirlər. Müzakirələr mayın 4-ə qədər davam edəcək. Bəs bu görüşlə bağlı gözləntilər, proqnozlar nədir? Sülh sazişi nə vaxta imzalana bilər?

Globalinfo.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, baş tutan görüşün nəticəsi yaxşı xəbərlə nəticələnə bilər:

“Ümumiyyətlə, hər kəs nəyin müzakirə olunduğunu yaxşı anlayır, amma nəticələr olacaq, ya yox – bu, bir az düşündürücüdür. Lakin danışıqların ayın 1-dən 4-ə kimi davam etməsi müsbət haldır. Biz bu görüş haqda pozitiv düşünməliyik. Özüm şəxsən 17 il bu danışıqların içində olmuşam. Erməniləri razılığa gətirmək asan olsaydı, biz zamanında torpaqları işğaldan müharibəsiz azad edə bilərdik. İlk növbədə gərək Ermənistan rəhbərliyi anlasın ki, Azərbaycanla sülh sazişi imzalamaq, delimitasiya və demarkasiya onların milli maraqlarına uyğundur. Onlar bu şeyləri anlasalar, Zəngəzur dəhlizini özləri açarlar”.

Sabiq nazir deyib ki, ermənilər sülh sazişini imzalasa, Ermənistanda stabillik olar:

“Sülh müqaviləsi imzalasalar, inkişaf edərlər, iqtisadi baxımdan qazanarlar. Hazırda üzərində iş aparılan sülh sazişində neqativdən çox müsbət faktlar var. Burada olan yeganə neqativ hal emosiyalardır. Onlar özlərini aldadırlar ki, guya Ermənistan illərdir inkişaf edir. Amma ortada heç bir inkişaf yoxdur. Müstəqillik əldə etdikdən sonra 30 il ərzində orada heç bir inkişaf görə bilməzsiniz. Ona görə də sülh sazişinin onlara xeyri olacağını başa düşməlidirlər. Ermənistanda cəmiyyət elə bilir ki, heç bir xəritə yoxdur, dünya bunlarındır. Amma bəlkə də Ermənistan rəhbərliyi artıq anlayır, bilir ki, şovinizm və revanşizm siyasətindən əl çəkməsələr, həmin ölkənin gələcəyi yoxdur. Sadəcə, xalqdan qorxub bu addımı rahat ata bilmirlər. Görək erməni nazir Azərbaycanın dediklərini necə qəbul edəcəkmi? Mən yaxşı nəticə əldə edəcəyimizə inanıram”.

Zaira Akifqızı
Globalinfo.az