Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində C.Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.
İddia edilir ki, bu səfərdən sonra iki ölkənin dövlət başçıları da bir araya gələ bilər.
Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Ceyhun Bayramovun Hakan Fidanla görüşündən sonra Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin görüşü baş tuta bilər:
“Hesab edirəm, XİN başçılarının görüşü də məhz dövlət başçılarının görüşə bilməməsi ilə bağlıdır. Belə ki, həm İ.Əliyevin, həm də R.T.Ərdoğanın qrafiki sıxdır. Daha dəqiq desək, ölkəmiz COP29-a hazırlaşır. Türkiyədə isə başda meşə yanğınları olmaqla, bir sıra məsələlər var ki, liderlərin görüşünü mümkünsüz edir.
Bununla belə, Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri Ankara ilə Bakı arasında müzakirəyə ehtiyac duyulan məsələlərin sayını artırıb”.
Əlimusa İbrahimov
Politoloq qeyd edib ki, Putinin səfərinin nəticələri iki ölkə arasında müzakirə edilməli olan başlıca məsələdir:
“Ümumiyyətlə, bu səfərdən əvvəl Türkiyə Prezidenti Azərbaycan Prezidentinə zəng etmişdi. Mümkündür ki, liderlərin görüşü zamanı həm də Putinin ölkəmizə səfərinin detalları müzakirə ediləcək.
O ki qaldı görüşün keçirilmə vaxtına, ehtimal ki, bu, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Hakan Fidanla görüşündən sonra açıqlanacaq”.
Turan Rzayev
Globalinfo.az