YAPPP

Türkiyədə “Mavi Vətən” doktrinasının müəllifi və Türkiyə Silahlı Qüvvələrində gizli strukturları müəyyən edən “FETÖMETRE” tətbiqinin ideya müəllifi, ehtiyatda olan kontr-admiral Cihat Yaycının Türkiyə-Azərbaycan münasibətlərindəki son vəziyyətlə bağlı “Haber365” portalında köşə yazısı dərc olunub.

Globalinfo.az həmin yazının özətini təqdim edir:

“Fələstini müdafiə etmək naminə qardaş ölkəmiz Azərbaycandan uzaqlaşmağı qəbul edə bilmərik”, deyən türkiyəli hərbi ekspert, Azərbaycanın suveren bir dövlət olduğunu və hər bir dövlət kimi münasibətlərini öz təhlükəsizlik ehtiyaclarına, xarici siyasət prinsiplərinə və milli maraqlarına uyğun olaraq inkişaf etdirdiyini bildirib:

“Həm Türkiyə, həm də Azərbaycan müxtəlif ölkələrlə öz şərtləri əsasında münasibətlər qurub. Qardaşlığımız bizdən bir-birimizin xarici əlaqələrini ictimaiyyət qarşısında mühakimə etməyi tələb etmir. Bizim vəzifəmiz Azərbaycanın seçimlərini kənardan diktə etmək deyil, əksinə, iki dövlət arasında etimadı və birgə fəaliyyət imkanlarını gücləndirməkdir. Əgər həssas məsələlər varsa, onların həlli üçün uyğun yollar qarşılıqlı hörmətə əsaslanan qardaşlıq və diplomatiya kanallarıdır”.

Müəllif, Azərbaycanın İsraillə münasibətlər quran, iqtisadi əlaqələr saxlayan və ya regiondakı proseslər qarşısında öz maraqlarına uyğun hərəkət edən yeganə ölkə olmamasına baxmayaraq, bəzi müzakirələrdə bütün diqqətin Azərbaycana yönəldildiyi, digər ölkələrin seçimlərinin isə ikinci plana keçirildiyini xüsusi vurğulayıb.

cihat yayci yeni

Cihat Yaycı

O, Prezident İlham Əliyevin bəzi qüvvələrə mesaj verdiyini qeyd edib:

“Ünvanı açıq şəkildə göstərilməyən ifadələri sanki birbaşa Türkiyəyə yönəlmiş kimi təqdim etmək düzgün olmazdı. Lakin məsələni yalnız “O, Türkiyəni nəzərdə tuturdu, ya yox?” sualına endirmək də natamam qiymətləndirmədir. Tutaq ki, o, Türkiyədən gələn bəzi açıqlamalara inciyib və reaksiya verib. Bu, qardaşlığın bitdiyi anlamına gəlirmi? Əgər bir ölkə daim ittiham olunursa, xalqının mübarizəsi kiçildilirsə və ya dövlətinin nüfuzu hədəfə alınırsa, dövlət başçısı buna reaksiya verə bilər. Belə bir reaksiya, öz ölkəsini və xalqını müdafiə etmək istəyindən qaynaqlana bilər. Bunu da başa düşmək lazımdır. Eyni şeyi sizə etsələr, reaksiyamız necə olardı? Əgər öz millətimizin fədakarlığı və öz əsgərlərimizin mübarizəsi sayəsində əldə edilən uğur başqasının işi kimi təqdim olunarsa, biz də inciyə, kədərlənə və etiraz edə bilərik”.

Yaycı, 30 sentyabr 2026-cı il tarixində Türkiyənin müdafiə sənayesi şirkətlərinin Azərbaycanla 500 milyon dollardan çox dəyərində imzaladığı müqavilələrə diqqət çəkib:

“Üstəlik, münasibətlərdə atılan konkret addımlar göz qabağındadır. Birgə istehsal, texnologiya və müdafiə sistemlərinin tədarükünü əhatə edən bu əməkdaşlıq iki ölkənin birgə fəaliyyət istəyini nümayiş etdirir.

Türkiyənin Azərbaycana dəstəyi yalnız silah satışı ilə məhdudlaşmır. Bunun siyasi, hərbi və strateji aspektləri var. İlham Əliyev özü əvvəllər Türkiyənin müharibə dövründəki mövqeyinin xarici müdaxilənin qarşısını aldığını bildirmişdi. Azərbaycanın öz mübarizəsi, əsgərlərinin fədakarlığı və qələbədəki həlledici rolu da danılmazdır. Bizim münasibətimiz kimin kimə nə qədər borclu olduğunu hesablayan bir münasibət deyil. Bir-birinin dərdini öz dərdi, sevincini sevinci sayan iki xalqın qardaşlığıdır”.

Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq istəyənlərin istifadə edə biləcəyi əsas şey qarşılıqlı inamsızlıq və böyüdülən incikliklərdir, deyə narahatlığını dilə gətirən Yaycı, türkiyəlilərə müraciət edib:

“Çanaqqalada Anadolunun müdafiəsində iştirak edən Azərbaycan türklərinin fədakarlığını, zəlzələ zamanı bizə uzadılan kömək əlini və çətin anlarda göstərilən həmrəyliyi unutmayaq. Şuşa Bəyannaməsini və “bir millət, iki dövlət” prinsipini heç bir müzakirədə görməzdən gəlməyək. Qəzza məsələsində tutarlı olaq. Əvvəlcə, Fələstinli qardaşlarına qarşı məsuliyyət daşıyan ərəb ölkələrinin imkanlarını və mövqelərini müzakirə edək. Azərbaycanın həssaslıqlarını anlayaq və qardaşlığımızı qoruyaq. Fələstini müdafiə edərkən, türk dünyasının bağlarını zəiflətməyək!”

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: