6b1bd25c cc7b 359e bd0d 927ce11eb4c8 850

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumu çərçivəsində İranın “Mehr” agentliyinə müsahibəsində bu ölkə ilə münasibətlərin əla olduğunu bildirib. Dövlət başçısı İran Prezidenti Məsud Pezeşkianın yaxın zamanda Xankəndiyə səfərinə diqqət çəkib. 

Həmçinin Araz çayı üzərində Ağbənd-Kəlalə-Culfa yolunun inşası prosesinin davam etdiyi vurğulanıb.

Beləliklə, TehranBakı arasında gərginlik tamamilə aradan qalxdı? İranda Azərbaycanla münasibətləri dəstəkləməyən bəzi qüvvələrin buna reaksiyası necədir?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, İranAzərbaycan münasibətlərində saflaşma və sağalma tendensiyası artıq özünü geniş şəkildə göstərir:

“Bu, çox ümidverici və arzuolunan dəyişiklikdir, həmçinin mühüm bir transformasiyadır. Çünki faktiki olaraq, münasibətlər yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Digər tərəfdən, Pezeşkianın Azərbaycana səfəri və Xankəndiyə gəlişi bir daha göstərir ki, etimad mühiti bərpa olunmaqdadır. Əlbəttə, tam olaraq bütün narazılıqlar, anlaşılmazlıqlar və ya ziddiyyətlər aradan qaldırılmayıb, çünki belə bir proses zaman alır. Ümumiyyətlə, istənilən dövlətlə münasibətlərdə yeni problemlər ortaya çıxa və üçüncü tərəflərin iştirakı ilə bəzi ziddiyyətlər meydana gələ bilər. Lakin vacib olan odur ki, həm Bakının, həm də Tehranın praqmatik yanaşması zəifləməsin və qarşılıqlı müraciətlərimizlə gözləntilərimiz öz qüvvəsini saxlasın. Qonşuluq münasibətlərində həmişə enişli və yoxuşlu mərhələlər olur, inkişaf da məhz bu cür dalğalanmalarla davam edir. Buna normal yanaşmaq və dözümlü olmaq vacibdir. Ən əsas olan isə aqressivliyin baş qaldırmamasıdır. Çünki istənilən problem və məsələ müzakirə, dialoq yolu ilə həllini tapır, paralel olaraq dağıdıcı potensialını sıfırlayır”.

tofiq abbasov 900x600 1
Tofiq Abbasov

Politoloq qeyd edib ki, Azərbaycan dövləti həmişə danışığa, mübadiləyə və müzakirəyə hazırdır:

“Bəzi hallarda İran mətbuatında ölkəmizlə bağlı yersiz məqalələr və şərhlər yer alır. Həmçinin, müəyyən vaxtlarda bizim də naşı jurnalistlərimiz lazımsız məsələləri gündəmə gətirirlər, guya iki ölkə arasında həllini tapa bilməyən problemlər aşıb-daşır. Mətbuat xarici siyasət məsələlərində dövlətçilik mövqeyindən çıxış etməli və buna son dərəcə məsuliyyətlə yanaşmalıdır. Əks halda, yersiz tendensiyalar yayılmağa başlayır. Hesab edirəm ki, bizim ağrılı və problemli dövrümüz geridə qalıb. Artıq hər iki tərəf də əzmlə çalışır ki, etimad mühitini yüksək səviyyəyə qaldıraq”.

Ləman İmran
Globalinfo.az

Paylaş: