Əliyev və Paşinyan Sankt-Peterburqda görüşdü: Yeni ildə sülh müqaviləsi imzalanacaq?

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsini yekunlaşdırmağa hazır olduqlarını bəyan ediblər. Bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Onun fikirləri birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Belə ki, bir çox analitiklər Peskovun açıqlamasını sülh mesajı kimi dəyərləndiriblər. Bəs görəsən, yaxın zamanda tərəflər arasında sülh müqaviləsi imzalana bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, bütün çətinliklərə rəğmən Azərbaycan və Ermənistan arasında yaxın zamanda sülh müqaviləsi imzalanacaq:

“Əslində burada yenilik yoxdur. Çünki Prezident İlham Əliyev ötən ilin sonundan və bu ilin əvvəlindən sülhlə bağlı addımların atılacağını vurğulayıb. Əslində, il başa çatana doğru müqavilənin imzalanacağına dair gözləntilər vardı. Sadəcə olaraq sistematik şəkildə Ermənistanı silahlandıran müxtəlif dairələr, xüsusilə Qərb mərkəzləri sülh prosesini ləngidirlər. Fransanın təkidi ilə rəsmi İrəvan müxtəlif provakasiyalara imza atır. Ancaq hesab edirəm ki, regional kommunikasiyaların açılmasında sülhün əldə olunması əsas vasitələrdən biridir. Rusiya da yaxşı anlayır ki, bu bölgədə nəqliyyat və loqistika imkanları Moskva üçün alternativ nəfəslik rolunu oynaya bilər. Ona görə də, rəsmi Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Əslində Paşinyanın uzun müddətdir Qərbin təhrikləri ilə Rusiyanın moderatorluğu altında keçirilən müxtəlif görüşlərdən imtinası sülh prosesini sabotaj edirdi. Amma bütün bunlara rəğmən sülhlə bağlı böyük perspektiv və ümid mövcuddur. Ona görə də, yaxın zamanda ümidlərin doğrulması ilə bağlı çox ciddi addımlar atıla bilər”.

Politoloqun sözlərinə görə, bu gün Qərb Rusiyanın vasitəçiliyi ilə sülhün əldə olunmasını istəmir:

“Rusiya da Qərbin moderatorluğu altında hansısa müqavilənin imzalanmasının əleyhinədir. Bunu özünün geopolitik maraqlarına zidd sayır. Amma Qərb-Rusiya qarşıdurması fonunda özəlliklə Ermənistanın siyasi iradəsinin olmaması prosesi dalana dirəyib. Hərçənd, hesab edirəm ki, Azərbaycan və Ermənistan hətta üçüncü tərəf olmadan da sülh müqaviləsini gerçəkləşdirə bilər. İndiki məqamda Moskvanın vasitəçiliyi ilə sülh imkanlarının reallaşması daha aydın görünür”.

Qeyd edək ki, İlham Əliyevlə Nikol Paşinyan dekabrın 26-da Sank Peterburqda ayaqüstü görüşüblər. Onların danışığını əks etdirən fotolar yayılıb. Həmin fotolardan biri bu yazıda əks olunur. Liderlərin nə danışması haqda detallı məlumat yoxdur. Bununla belə, sülh müqaviləsi ilə bağlı fikir mübadiləsinin olması istisna edilmir.

Əliyar Xəlil
Globalinfo.az