Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib ki, Ermənistan konstitusiyası dəyişmədiyi (yəni Türkiyə və Azərbaycana qarşı ərazi iddiası qaldığı halda) sülh sazişi imzalanmayacaq. Bundan bir müddət əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə demişdi ki, konstitusiya ilə bağlı hüquqi baxımdan problem yoxdur.
Ermənistan konstitusiya dəyişikliyinə getməkdən imtina edə bilərmi?
Globalinfo.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı daha əvvəl də fikir səsləndirmişdi:
“Ararat Mirzoyan bildirmişdi ki, Azərbaycan və Ermənistan arasında konstitusiyalarda qarşılıqlı şəkildə dəyişikliklə bağlı iddialar var. Bu, əsassız fikirdir. Azərbaycan konstitusiyasında dəyişdiriləcək məqamlar yoxdur. Bu, rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyindən xəbər verir. Mirzoyan konstitusiyalarda dəyişikliyin olub-olmamasının sülh müqaviləsinə təsir etməyəcəyini də qeyd etdi”.
Akif Nağının sözlərinə görə, İlham Əliyev bu çıxışı ilə Ermənistan rəhbərliyinə əslində növbəti cavabını vermiş oldu:
“Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyənin ərazilərinə qarşı iddialar öz əksini tapır. Bu halda iki ölkə arasında sülh müqaviləsi imzalanmayacaq. Müəyyən fikirlər var idi ki, COP29-a qədər sülh sazişi imzalana bilər, lakin Prezident İlham Əliyev ortaya qoyduğu mövqe ilə göstərdi ki, sənəd imzalamaq xatirinə sülh müqaviləsi imzalanmayacaq. Bu proses baş tutacaqsa, davamlı sülhə təminat verməlidir.
Ermənistan cəmiyyətində belə fikir var ki, Nikol Paşinyan İlham Əliyevin diktəsi ilə konstitusiyanı dəyişir. Ona görə də Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, bunu etməyə də bilərsiniz, amma sülh müqaviləsini imzalamaq üçün bu lazımdır”.
Safura Bənnayeva
Globalinfo.az