Prezident İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı görüşdə strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxunub. Prezident özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri xatırladıb. Bütün bunların iki ölkə arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Globalinfo.az-a danışan poltioloq Qabil Hüseynli deyib ki, bu görüş Azərbaycanın son illərdə qurduğu çoxvektorlu xarici siyasətin konkret davamıdır:
“Birləşmiş Ərəb Əmirlikləri hazırda regionda yalnız siyasi tərəfdaş yox, həm də kapital və texnologiya ixrac edən aktor kimi çıxış edir. Əsas diqqət çəkən məqam enerji, bərpaolunan enerji və investisiya fondları məsələsidir. Hazırda bunlar Azərbaycanın klassik neft-qaz modelindən çıxmaq cəhdinin real alətləridir. Xüsusilə BƏƏ-nin bu sahədə təcrübəsi onu adi investor yox, transformasiya tərəfdaşına çevirir. Yəni söhbət sadəcə puldan deyil, həm də model transferindən gedir.
Digər tərəfdən, hərbi təlimlərin qeyd olunması münasibətlərin yalnız iqtisadi yox, həmçinin təhlükəsizlik ölçüsü qazandığını göstərir. Bu, Azərbaycanın balans siyasətində maraqlı detal yaradır: bir tərəfdən ənənəvi regional güclər, digər tərəfdən isə Körfəz ölkələri ilə paralel əlaqələr. Belə bir model Bakıya daha geniş manevr imkanları verir.

Qabil Hüseynli
Görüşdə Məhəmməd bin Zayed Al Nəhyan ilə şəxsi münasibətlərin xüsusi vurğulanması da siyasi mesajdır. Azərbaycan diplomatiyasında liderlərarası əlaqələr tez-tez institusional mexanizmlərdən daha sürətli nəticə verir. Bu, xüsusilə investisiya qərarlarının mərkəzləşdiyi Körfəz ölkələri üçün kritik amildir.
Yaxın Şərqlə bağlı diplomatik həll çağırışı da formal görünə bilər, amma burada incə balans var. Azərbaycan bir tərəfdən müsəlman ölkələri ilə həmrəylik nümayiş etdirir, digər tərəfdən isə açıq tərəf tutmadan neytral diplomatik mövqe saxlayır. Bu isə enerji və investisiya əlaqələrini riskə atmamaq üçün hesablanmış xəttdir”.
Turan Rzayev
Globalinfo.az