Elə hadisələr baş verir, adam heyrətə gəlir – Nələr olur, bilirsiniz?

Şahidi və iştirakçısı olduğumuz hadisələr çox qiymətli tarixi proseslərdir. İçində olduğumuz üçün bəzən bunların qiymətini verə bilmirik. Baş verənlər həm də müəyyən mənada cari işimiz olduğu üçün gözümüzdə sadələşir. Məsələn, antiterror tədbirləri keçirilir – biz xəbərini veririk, təhlilini yazırıq, dəyərləndirməsini aparırıq. Beləliklə, işimizin bir hissəsinə çevrilir.

Hadisələr çox sürətlənib. Miqyası da genişlənib. Bir həftə əvvəlki Azərbaycanla bugünkü arasında çox fərq var. Sentyabrın 18-də gümanla yazırdıq, təxminlərlə danışırdıq, bu gün əminliklə deyirik! Yeddi gün əvvəl Ağdərəyə bayraq sancmamışdıq, Xankəndidə, Xocalıda separatçılar təslim olmamışdılar, Qarabağda suverenliyimizi tam bərpa etməmişdik. İndi isə ordumuzun Xocalıda olması xəbərlərini oxuyuruq, yazırıq.

Azərbaycan tarixinin ən şərəfli dövrünü yaşamaqdayıq. 30 illik işğal, məğlubiyyət içimizi əymişdi, ruhumuzu zədələmişdi. Hər şeydən qorxan, ehtiyat edən, çəkinən azərbaycanlılar bu gün qalib və əmin görkəmdədirlər. Millət qələbəyə elə öyrəşib, üstünə dünyanın ən qüdrətli orduları da gəlsə, deyir, məğlub edərik.

Ermənilər Qarabağın işğaldakı şəhər və qəsəbələrini tərk edirlər. Onlara “gedin”, “dəf olun” demirik. Əksinə, qanunlarımıza tabe olub, qalmalarını istəyirik. Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etsinlər, yağ-bal içində yaşasınlar. Sadəcə buranın onların vətəni olmadıqlarının fərqindədirlər…

Azərbaycanla Ermənistanın daha bir fərqinə diqqət edək: Ermənilər işğal etdikləri ərazilərdə azərbaycanlı sakinlərə qarşı soyqırım həyata keçiriblər, qadın, uşaq, yaşlı demədən hamını qətlə yetiriblər. Əsir götürdüklərinə olmazın işgəncələr veriblər. Müharibə cinayətinə əl atıblar.

Azərbaycan dövləti isə işğaldan azad edilən torpaqlarda mülki ermənilərə ərzaq, su, elektrik enerjisi verir. Ən əsası, yaxşı gələcək təklif edir. Bu iki fərq bu gün və gələcək üçün ciddi örnəkdir. Bu, azərbaycanlıların nə qədər humanist, bəşəri dəyərlərə üstünlük verən millət olduğunu bir daha gözlər önünə sərir.

İkinci Qarabağ müharibəsinin 3-cü ilinin tamam olmasına günlər qala, bu cür nəhəng qalibiyyət əldə etmişik. Bu, Azərbaycan dövlətçiliyinin bərpası prosesidir.

Ərdoğan və Əliyev Naxçıvanda. 25 sentyabr 2023-cü il 

Bu gün (25.09.2023) Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Səfərin rəsmi proqramında bildirilir ki, Azərbaycan və Türkiyə prezidentlərinin Iğdır-Naxçıvan Təbii Qaz Xəttinin təməlqoyma mərasiminə iştirakları və modernizə edilmiş Naxçıvan Hərbi Kompleksinin açılışı nəzərdə tutulub. Eləcə də iki dövlət arasında münasibətlər, Qarabağdakı hazırkı vəziyyət başda olmaqla regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Proseslərin indiki vaxtında iki türk dövlətinin liderinin Naxçıvanda görüşməsi olduqca simvolik və məntiqlidir. İstər-istəməz yada Qars müqaviləsi düşür. Ən əsas da belə rəy yaranır ki, Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə var. Bildiyimiz kimi, Zəngəzur dəhlizi Naxçıvanı blokadadan qurtarmaq üçün ən əlverişli layihədir. Bu layihə sayəsində Naxçıvan həm də Türkiyə ilə birləşir – sözün hər mənasında.

Hörmətli Ərdoğan 2021 və 2022-ci illərdə elə bu vaxtlar Azərbaycana səfər edib. 2021-ci ilin oktyabr ayında Füzuli aeroportunun, 2022-ci ilin həmin ayında isə Zəngilan hava limanının açılış törəninə qatılıb. Olduqca mühüm tədbirlər idi. Bu dəfə isə Naxçıvana gəldi. Bu gəlişin geopolitik anlamı, strateji əhəmiyyəti çox böyükdür.

Azərbaycan nümayəndə heyətinin üzvləri. Xocalı, 25 sentybar 2023-cü il 

Bununla paralel sentyabrın 25-də Xocalıda Azərbaycan rəsmiləri ilə Qarabağ ermənilərinin nümayəndələri arasında növbəti görüş olub. Bu görüşlərin də əhəmiyyəti kifayət qədər ciddidir.

Oktyabrın 5-də İlham Əliyevlə Nikol Paşinyan arasında İspaniyanın Qranada şəhərində görüş keçirəcəyi gözlənilir. Antiterror tədbirlərindən sonra keçiriləcək bu görüş də ciddi əhəmiyyətə malikdir.

Bundan əvvəl isə Şuşa yolunun üstündə erməni tankı götürülərək Bakıdakı Hərbi Qənimətlər Parkına gətirildi. Bu, Ermənistanın Şuşa ilə bağlı qələbəsini simvolizə edən element idi. Darmadağın edildi, yerlə yeksan oldu. Sentyabrın 24-dən etibarən Xankəndi şəhəri Azərbaycan enerji sisteminə qoşuldu.

Qarabağda erməni terrorçuları Monte Melkonyan və Qaregin Njdenin heykəllərinin söküldüyü iddia edilir. Diqqət edin, Ermənistanın “qələbə” simvolları Azərbaycan tərəfindən sökülür, yıxılır. Bu, erməni cəmiyyətini də içdən yıxır, yerlə bir edir. Bunlar Rusiyanın, İranın, Qərbin müdaxiləsi olmadan baş verir. Bütün iddialı və qərəzli dövlətlər hazırda müşahidəçi statusundadırlar. Şərtləri Azərbaycan diqtə edir, proses Bakıdan yönəldilir.

Beləliklə, Prezident İlham Əliyev Qarabağı və ətraf rayonları işğaldan azad edib, Azərbaycanı böyük və vacib mərhələyə çıxarmaqdadır. Bu proses 3 il çəkdi. 200 illik münaqişəni, bölgənin, bəlkə də dünyanın ən yaşlı konfliktini 3 ilə çözdü, həll etdi Ali Baş Komandan. Bəzən adam düşünür, İlham Əliyev bunu necə bacardı? Bu suala özünün sözləri ilə cavab verək: Ləyaqətlə və inamla…

Azər Ayxan
Globalinfo.az