Elə adamla evlən ki, mətbəx bıçağı ilə öldürülmə…

Fikir verirəm, son zamanlar 35-40 yaşlı subay və ya boşanmış kişilər 20-25 yaşlı qadınla sevgili olur, ailə qurur. Bunu normal qəbul etmirəm. Bu, mənə görə, pedofiliyadır.

Hətta bir neçə dəfə şahidi olmuşam, həmin kişilərin yaxınları, eləcə də özləri bunu namusla əlaqələndirib. Guya o qızlar indiyə kimi oğlanla danışmayıb, təmizdirlər, əxlaqlıdırlar. Bu gün 13-15 yaşlı elə qızlar var, TikTok və digər sosial şəbəkə platformalarında etmədikləri hərəkət qalmır. Deməyim odur ki, namus, əxlaq yaşa, cinsə baxmır. Yanlış addım atan 15 yaşda da atır, 30-a çatdıqda da.

Bunu kiməsə irad bildirəndə, nənələrimizi, analarımızı misal çəkirlər. Bununla da razı deyiləm. Başqa vaxt böyüklərimizi örnək göstərəndə, deyirlər, “əşi, o qaldı keçmiş dövrdə”. Özlərinə sərf edənə isə don geyindirməyə çalışırlar. Mənim anamgil 3 bacıdırlar, hər üçünü babam 20 yaşdan sonra evləndirib. Elə bibilərim də eyni. Keçmişdə heç də hər kəs qızını 14 yaşda ərə verməyib.

20-25 yaşında qız, niyə 40 yaşlı kişi ilə ailə qurmalıdır?! Vallah, biabırçılıqdır! Onsuz da boşanma sayı artır. Burada yaş da öz sözünü deyir. Məsələn, 20 yaşlı qızla 40 yaşlı kişi anlaşa bilmir, xəyanətlər, söz-söhbətlər başlayır. Bəlkə də qızın 30-35 yaşı olsa və 45 yaşlı biri ilə ailə qursa, hardasa bu nikah qalıcı olar. Amma 25 yaşlı qızla 45 yaşlı kişinin evliliyini qəti anlamıram.

Bəzən bu cür yaş uyğunsuzluğu olan nikahlara sevgi donu geyindirirlər. Guya eşq hər iki tərəfi elə təsirləndirib ki, evlənməsələr, birləşməsələr, dünya dağılar. Kimlərinsə arasında sevgi yarana, bağlılıq ola bilər. Amma bu da keçicidir. Zaman irəlilədikcə emosiyalar yerini gerçəkliyə, məntiqə buraxır. O zaman da faciələr, əzablar başlayır.

Deyə bilərsiniz, yaşları uyğun gələn cütlüklər arasında da problem yaşanır, boşanma olur. Bu artıq başqa mövzudur. Boşanma statistikası tam bir fəlakət göstəricisidir. Buna növbəti yazılarda toxunarıq, sağlıq olsun.

Ən yaxşısı budur ki, insanlar nikaha girəndə, heç olmasa, 5 il sonranı nəzərə alsınlar. Atalar yaxşı deyib: “Taylı tayını tapmasa, günü ah-vayla keçər”.

Yəni eləsi ilə ailə qurun, sevgili olun ki, axırda mətbəx bıçağı ilə öldürülməyəsiniz…

Zaira Akifqızı
Globalinfo.az