“Əhali yenə bahalıqla baş-başa buraxılacaq” – İqtisadçıdan XƏBƏRDARLIQ

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov qeyd edib ki, illik inflyasiya 2023-cü ilin sonuna 4.3% olacaq.

Bəs ilsonuna inflyasiyanın artması gözlənilirmi? Hökumətin bununla bağlı nə kimi tədbirlər paketi var?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, hər zaman bayram ərəfəsində müşahidə edilən bahalıq, inflyasiya ilə bağlı dövlətin hansısa planı, tədbirlər paketi yoxdur:

“Hökumətin ümumi antiinflyasiya plan və tədbirləri var. Məsələn, manat dollarla stabil saxlanılıb. Lirə və rublun ucuzlaşması manata təsir etmir. Mərkəzi Bank da müəyyən tədbirlər həyata keçirir. Faiz dərəcəsinin artırılması, pul kütləsinin azaldılması da buna daxildir”.

Xalid Kərimli

İqtisadçı onu da qeyd edib ki, bayramlar ərəfəsində Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalar qeyri-effektiv olur:

“İlsonu ümumi qiymət səviyyəsinin artacağı gözlənilmir. Lakin restoranlar, iaşə xidmətləri, otellərin qiymətində artım müşahidə edilə bilər. Çünki həmin ərəfələrdə onlara tələbat artır. Sahibkarlar da qiymət artımına gedirlər. Görünür bu il də hər dəfə olduğu kimi əhali bahalıqla baş-başa buraxılacaq.
Onu qeyd etmək lazımdır ki, inflyasiya zəifləyir. Oktyabr ayında bu rəqəm 10.2% təşkil edirdi. Ötən il isə ərzaq qiymətlərində bu rəqəm 20 faizin üzərində idi”.

Safura Bənnayeva
Globalinfo.az