Dünyanı lərzəyə salan qadın yoxa çıxdı – Ağ Evin qaradərili ikinci siması hardadır?

ABŞ-ın ilk qadın və ilk asiya-amerikalı 49-ci vitse-prezidenti Kamala Harris ilk seçildiyi zamanlarda bütün dünyada böyük səs gətirmiş, müzakirələrə səbəb olmuşdu. Hazırkı prezident Cozef Bayden iqtidara gələn ərəfədə onun komandasında təmsil olunan bu qadın ciddi narahatlıq yaratmışdı. O zaman anti-türk, anti-müsəlman, ermənipərəst mövqeyə malik olduğu bildirilir, narahatlıq dolu məqalələr yazılırdı. Amma gözlənilənin əksinə olaraq Kamala Baydenin prezident olduğu dövrdə xüsusi fəallığı ilə seçilmədi.

Bəs vitse-prezident niyə gözlənildiyi qədər aktiv olmadı? Onun fəaliyyətinin ikinci planda qalmasına səbəb nədir?

Mövzu ilə bağlı Globalinfo.az-da danışan politoloq Yusif Bağırzadə bildirib ki, ABŞ-da məhz onun vitse-prezident təyinatı təsadüfi deyildi:

“Kamala Harrisin vitse-prezident seçilməsinin bütün dünyada səs-küyə səbəb olması təbii idi. Çünki Harris bu postu tutan ilk qaradərili qadın namizəd idi. Məlumdur ki, onun atası Yamaykadan, anası isə Hindistandan mühacirət ediblər. Baydenin seçki kampaniyası dövründə məhz onun namizədliyini irəli sürməsi isə ABŞ-da dəri rəngindən, cinsindən və digər amillərdən asılı olmayaraq hər kəsin hər hansı bir şeyə nail olmaq qabiliyyəti kimi təqdim olunurdu. Əslində isə Kamala Harrisin namizədliyinin irəli sürülməsi həmin ərəfədə ABŞ-da qaradərililərin irqçiliyə qarşı geniş etirazlar fonunda baş vermişdi. Xatırlayırsınızsa, həmin vaxt qaradərili amerikalılar və onları dəstəkləyənlər Corc Floyd və Breonna Taylorun polis tərəfindən öldürülməsindən sonra ABŞ-ın müxtəlif şəhərlərində küçələrə çıxmışdılar. Başqa sözlə Harrisin namizədliyi həm də Demokratlar üçün qaradərili amerikalıların, o cümlədən də Obama tərəfdarlarının səslərini almağa hesablanmışdı”.

Y.Bağırzadə ilk başlar K.Harrislə bağlı proqnozların çox fərqli və ciddi olduğunu qeyd edib:

“Harrisin karyerası dövründəki fəaliyyəti də onu cəlbedici namizəd olaraq önə çıxarmışdı. Hətta bir çoxları hakimiyyətin Cozef Baydendən Kəmalə Harrisin əlinə keçməsi ssenarisini də nəzərdən keçirir və bu barədə fikirlərini bölüşürdülər. Bir çox amerikalı analitik və müşahidəçilər Baydenin yaşını nəzərə alaraq onun seçilməsindən sonra bütün səlahiyyətləri Harrisə verəcəyini güman edirdilər. Ancaq bunların heç biri baş vermədi. Çünki Harris bir tərəfdən ona olan ümidləri doğrultmadı, digər tərəfdən isə Bayden hakimiyyəti ona ötürməmək üçün Harrisi davamlı olaraq arxa planda saxlamağa üstünlük verdi. Keçən dövr göstərdi ki, Harris bir siyasətçi və idarəedici olaraq heç də uğurlu namizəd deyil. Onun reytinqi hal-hazırda Baydenin reytinqindən aşağı olmaqla yanaşı həm də bütün sorğulara görə ABŞ tarixində ən qeyri populyar vitse-prezidentlərdən biridir”.

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Kamala Harris kimdir?

Politoloq vitse-prezidentin fəaliyyətindəki bəzi uğursuzluqlar səbəbi ilə özünü doğrultmadığını bildirib:

“Harrisin gözlənildiyi qədər aktiv olmamasının səbəbi həm də keçən dövr ərzində ona həvalə edilmiş müxtəlif istiqamətlərlə bağlı işlərdə uğursuz olması ilə əlaqəlidir. Məsələn, ilk dövrlərdə miqrasiya böhranının həlli üçün məsuliyyət daşıyan K.Harris bu istiqamətdə hər hansı uğurla yadda qalmadı. Fövqəladə halların aradan qaldırılmasına cavabdeh şəxs kimi təyin olunanda da o, hər hansı təbii fəlakət zonalarına, yanğınlar zamanı Havay adalarına, Kaliforniya və ya Floridada qasırğalar olduğu müddətdə həmin bölgələrə səfərlər etmədi. Və ya ekoloji problemlərin aradan qaldırılması ilə bağlı hökumət komissiyasının işinə rəhbərlik edəndə problemlərdən çıxış yolu kimi havanın çirkəndirilməsinin qarşısının alınması təklifi əvəzinə əhalinin sayını azaltmaqla bağlı çağırışlar etməsi Baydeni onu arxa planda saxlamağa məcbur etdi. Odur ki, vitse-prezident kimi hər hansı uğura imza ata bilməyən birinin hazırda passiv olaraq görünməsi tamamilə təbiidir”.

Ayşən Mustafa
Globalinfo.az