“Hörmətli Bahar Muradovaya Azərbaycanda qadınların gücləndirilməsi istiqamətində göstərdiyi səylərə təşəkkür edirəm”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə “UN-Habitat”ın icraçı direktoru Anaklaudia Rossbax deyib.
O bildirib ki, dünyada təxminən 1,6 milyard insan adekvat mənzil şəraitindən məhrumdur:
“300 milyondan çox insan isə evsizliklə üzləşir. Lakin xüsusilə vurğulamalıyıq ki, bu böhran qadınlara daha ağır təsir göstərir. Qadınlar çoxşaxəli və sistemli maneələrlə qarşılaşırlar. Bu maneələr hüquqi, mədəni və sosial xarakter daşıyır.
2020-ci ildə aparılan bir tədqiqat göstərdi ki, inkişaf etməkdə olan ölkələrin 80 faizində qadınlar şəhər yoxsulluğunda daha çox təmsil olunurlar”.
İcraçı direktor qeyd edib ki, 2020-ci ildə dünyada qadın və qızların qətlə yetirilməsi hallarının 60 faizi intim partnyorlar və ya ailə üzvləri tərəfindən törədilib:
“Bu risk xüsusilə böhran dövrlərində daha da artır. Biz bunu pandemiya zamanı açıq şəkildə müşahidə etdik. Məsələnin kəsişən və çoxqatlı tərəflərini də diqqətdən kənarda qoymaq olmaz”.
Zaira Akifqızı
Globalinfo.az