Dünənki seçkilərdə tarixi an – 7 fevralda daha bir 7 gəldi…

Ötən gün – fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı prezidenti İlham Əliyev səslərin 92,05 faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir. 

Seçki prosesi və nəticəsi ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanda keçirilən prezident seçkiləri xalqımızın demokratiya bayramına çevrildi:

“Azərbaycan xalqı Tarixi Zəfəri ona bəxş edən liderə yenidən 7 illik mandat verdi. Həm də xalqımız öz iradəsini seçkilər vasitəsilə hakimiyyət piramidasının zirvəsinə daşımağı bacardı. Yəni demokratiya xalqın təmsilçisinin hakimiyyətdə olması deməkdir ki, 7 fevralda Azərbaycanın siyasi həyatında da elə bu baş verdi.

Şübhəsiz ki, prezidentliyə namizəd İlham Əliyevin son 3 ildə etdiyi hər çıxış əslində seçki platforması kimi qiymətləndirilə bilər. Bu çıxışların hər birində xalqımızın gələcək taleyi, dövlətimizin inkişafı, milli rifah, ölkənin beynəlxalq münasibətlər sistemində yerinin, rolunun necə olacağı ilə bağlı mühüm fikirlər yer alıb. Cəmiyyətimizin ictimai yaddaşı dərindir. Xalqımız bu yaddaşa, İlham Əliyevin 20 illik prezidentlik dövründə gördüyü işlərə söykənərək bir daha onu prezident seçdi. Biz artıq dövlətçilik, demokratiya və seçki tariximizin yeni mərhələsinə qədəm qoymuş olduq”.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, prezident seçkilərinin digər sevindirici tərəfi insanların aktivliyi idi:

“Biz həmişə seçiciləri aktiv olmağa çağırmışıq. Vətəndaşın seçkilərdə aktiv iştirakının çox vacib olduğuna inanmışıq. Bu gün istəyirik ki, həmin aktivlik yaxın aylarda baş tutacaq parlament seçkilərinə qədər artan xətlə davam etsin. Çünki dünən keçirilən prezident seçkiləri ölkənin keçmişdən qalan ən böyük probleminin həllinin son nöqtəsi idi. Prezidentin özünün də Xankəndidə səs verməsi simvolik oldu.

Ali Baş Komandan kimi ölkəmizin qarşısında duran ən vacib problemin həllinin son məntiqi nöqtəsi Xankəndidəki səsvermədə qoyuldu. İlham Əliyevin qalib gəlməsi heç kimdə şübhə doğurmurdu. Ölkənin gələcəyi, gedəcəyi yolla bağlı ən vacib məqam parlament seçkiləri olacaq”.

Politoloq Vəli Əlibəyovun fikrincə, ümumi mənzərə onu deməyə əsas verir ki, bu seçkilər də əvvəlkilər kimi yaxşı təşkil olunmuşdu:

“Seçicilər səsverməyə həvəslə gedirdilər. Seçkinin nəticəsi gözlənilən idi, hər hansı sürpriz olmadı. Mərkəzi Seçki Komissiyası seçki prosesinin əvvəldən sonuna kimi öz işinin öhdəsindən gələ bildi. Əminəm ki, seçki prosesinin daha da mükəmməl təşkil edilməsi üçün kifayət qədər resurslar mövcuddur və qarşıdakı seçkilərdə biz bunun şahidi olacağıq”.

Safura Bənnayeva
Globalinfo.az