Direktor şagirdlərlə birgə “oğru aləmi”ni tərənnüm edən mahnı ifa edib? – VİDEO

Samux rayonunda keçirilən “Son zəng” tədbirində kriminal həyat tərzini təbliğ edən ara mahnısı səsləndirilib, mahnı şagirdlər tərəfindən ifa olunub.

Globalinfo.az bildirir ki, bununla bağlı görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.

Görüntülərdə Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru Gülsəba Abbasovanın şagirdlərlə birlikdə sözügedən mahnını müşayiət etdiyi iddia olunur.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək:

“Dünən ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Məktəblərə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunur. Agentlik tərəfindən bu hallarla bağlı müvafiq araşdırmalar aparılacaq. Məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək”.