Qarabağ Dirçəliş Fondunun “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabı ciddi narazılıqlara və müzakirələrə səbəb olub. Kitabın nəşri üçün nə az, nə çox düz 1.2 milyon manat vəsait ayrılıb. Sosial şəbəkə istifadəçiləri və bir çox tanınmış sima bu rəqəmin bir kitab üçün şişirdilmiş olduğunu bildirir.
Maraqlıdır, kitab üçün 1.2 milyon manatın xərclənməsi mümkündürmü?
Qarabağ Dirçəliş Fondu rəsmi açıqlama yayaraq, xərcin bir kitaba çəkilmədiyini, həmin vəsaitdən başqa layihələrə də ayrıldığını deyib.
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu məsələ ciddi araşdırılmalıdır. O bildirib ki, bir işin keyfiyyətini, müxtəlif göstəricilərini bilmədən onun ucuz və baha olması ilə bağlı fikir söyləmək çətindir:
“Burada problem başqadır. Ola bilər, təbliğat üçün çox önəmlidir, bəlkə müxtəlif dillərdə olacaq, yüksək keyfiyyətdə hazırlanması mümkündür, elektron versiyaları da ola bilər. Yəni hər şey mümkündür.
Anlayıram, təbliğat da vacib məsələdir. Azərbaycanla bağlı olan beynəlxalq təzyiqlərə sinə gərmək önəmli işdir. Əslində, məlumatların müxtəlif dillərdə yayılması çox yaxşıdır. Amma bu, həmin fonddan olan gözləntilərin qarşılanması demək deyil. Nəinki fond, ümumiyyətlə, Azərbaycanın dövlət, hökumət strukturlarından ən böyük gözlənti bizə bu qələbəni bəxş edən, başımızı uca tutmağa səbəb olan şəhidlərin və qazilərin problemlərinin həllidir”.
Natiq Cəfərli
N.Cəfərlinin sözlərinə görə, insanları qıcıqlandıran vəsaitin hansı istiqamətdə xərclənməsidir:
“Məsələ heç vəsaitin böyük olması da deyil. Dediyim kimi, ola bilər ki, müxtəlif dillərdə hazırlanacaq. Xarici səfərlərdə olan biri kimi deyirəm ki, keyfiyyətli materiallar olsa, biz onları təqdim edərkən böyük üstünlük qazana bilərik. Sadəcə, hazırda əsas gözlənti şəhidlərin, qazilərin, onların ailələrinin sosial-iqtisadi problemlərinin yüksək səviyyədə həll edilməsidir. O rəqəmi eşidən adamın dərhal ağlına gəlir ki, həmin məbləğə ən azı 10 şəhid, 10 qazi ailəsinin mənzil problemini həll etmək mümkün olardı. Mütləq bu iş araşdırılmalıdır. Prioritetlər düzgün qoyulmur. Bu işlə məşğul olan qurumlar əsas prioritet kimi şəhid və qazi ailələrini problemlerinin həll etməlidirlər”.
Qeyd edək ki, sözügedən layihənin reallaşması üçün Qarabağ Dirçəliş Fondu Dubayda qeydiyyatdan keçdiyi bildirilən “Media Prima Advertising” şirkəti ilə 1.2 milyon manata yaxın müqavilə bağlayıb.
Zaira Akifqızı
Globalinfo.az