Deputatın yeni vəzifəsi – “Onlara qarşı əməliyyatlar davam edəcək”

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla Milli Məclisin deputatı Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Bundan sonra ictimaiyyəti maraqlandıran suallardan biri yeni sədrin hansı istiqamətdə addım atması ilə bağlıdır.

Maraqlıdır, İran və Səudiyyə agenturasına, FETÖ tör-töküntülərinə qarşı mübarizə aparılıb, dini mühit sağlamlaşdırılacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bu gün dünyada çox ciddi proseslər gedir:

Ceyhun Məmmədov

“Müsəlman ölkələri terror və qarşıdurmalardan böyük əziyyət çəkirlər. Bu proseslər olduqca ağrılı formada cərəyan edir. Qarşımızda önəmli vəzifələr var. Ona görə də ciddi işlər görülməlidir.

Azərbaycanda dini sabitliyin gərginləşdirilməsinə cəhdlər var. Şübhəsiz ki, dövlətimiz bu sahədə müxtəlif tədbirlər görür, addımlar atır. Bu sahədə görülən işlər davam edəcək”.

Deputat qeyd edib ki, dini komitənin yeni rəhbərliyinin üzərinə böyük məsuliyyət və yük düşür:

“Bildiyiniz kimi, müxtəlif dairələr ölkəmizdə ayrı-ayrı qrupları təsir altına salmağa, onlardan öz maraqları üçün istifadə etməyə çalışırlar. Buna qarşı həm dövlət, həm də vətəndaş olaraq mübarizə aparmalıyıq. Bu vəzifələrin öhdəsindən gəlinməlidir ki, sağlam dini mühit yaradılsın. Azərbaycan daxilində din pərdəsi adı altında fəaliyyət göstərən terror qruplaşmalarının aşkara çıxarılması istiqamətində aidiyyəti qurumlar çalışırlar. Müntəzəm olaraq keçirilən əməliyyatlar, saxlanıların olması da bunun sübutudur”.

Safura Bənnayeva
Globalinfo.az